Təbii resurslardan səmərəli istifadə, dayanıqlı inkişaf  konsepsiyasının tətbiqi və sosial məsuliyyətlilik  “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin idarəçiliyinin təməl prinsiplərini təşkil edir. Cəmiyyət əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, kəşfiyyatı, işlənilməsi və idarə olunması fəaliyyətinin ətraf mühit, hasilat ərazilərində yaşayan yerli əhali və icmalara, habelə onların ayrılmaz hüquqlarına göstərə biləcəyi mümkün təsiri haqqında məlumatlıdır və bu təsirin ədalətli şəkildə tənzimlənməsi şirkətin Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir.

“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasəti milli qanunvericilik, dağ-mədən sahəsində ən mütərəqqi beynəlxalq təcrübə, “Layihələrin maliyyələşdirilməsi zamanı ekoloji və sosial risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarəçiliyi üzrə Ekvator Prinsipləri”, “BMT-nin biznes və insan hüquqları üzrə Rəhbər Prinsipləri”nin tələbləri nəzərə alınmaqla formalaşdırılır və davamlı olaraq təkmilləşdirilir.

Cəmiyyətin sosial məsuliyyət siyasəti əsasən aşağıdakı 3 (üç) prioritet istiqaməti əhatə edir:

  • Yerli əhali və icmalarla iş;
  • Ətraf mühitin mühafizəsi;
  • Əlverişli əmək şəraitinin formalaşdırılması və iş yerində insan hüquqlarının mühafizəsi.

Korporativ Sosial Məsuliyyət siyasəti Cəmiyyətin Korporativ Sosial Məsuliyyət Komitəsi tərəfindən formalaşdırılır və icra edilir. Komitə kollegial orqandır və dövri olaraq fəaliyyəti barədə hesabatlar dərc edir.

Komitənin fəaliyyəti ilə bağlı təklif, irad və suallarınızı [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Korporativ Sosial Məsuliyyət Komitəsinin qaynar xətti

Korporativ Sosial Məsuliyyət Komitəsi öz fəaliyyət istiqamətləri, xüsusilə də yerli əhali və icmalarla iş prosesini daha effektli qurmaq məqsədi ilə qaynar xətt təsis etmişdir. Komitənin fəaliyyət sahəsinə aid olan mövzular üzrə şikayət və təkliflərinizi həftənin bazar ertəsi, çərşənbə və cümə günləri, saat 10:00-dan 13:00-a kimi  (+99412) 505 02 02 (dax. 1300) əlaqə nömrəsinə zəng etməklə, veb səhifə vasitəsilə electron müraciət etmək və ya [email protected] elektron ünvanına yazmaqla bizimlə paylaşmağınız xahiş olunur.

Nəzərə çatdırmaq istəyirik ki, Komitəyə daxil olan müraciətlərə 5 iş günü ərzində baxılaraq müraciətçi ilə əlaqə saxlanılacaqdır.