Qanunsuz hasilata hüquqi qiymətin verilməsi

“AzerGold” QSC tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində vaxtilə aparılmış qanunsuz istismar faktlarına hüquqi qiymətin verilməsi məqsədilə həyata keçirilmiş araşdırmalar

Ölkəmizin zəngin faydalı qazıntı yataqlarının əhəmiyyətli hissəsi 1991-1993-cü illərdə Ermənistan Respublikası tərəfindən işğal edilmiş, 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən azad edilmiş torpaqlarımızda yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji İnformasiya Arxivi Fondunun 1991-ci ilə aid məlumatları və açıq mənbələrdən əldə edilmiş məlumatlara əsasən, 30 ilə yaxın işğal altında olmuş ərazilərdə ümumilikdə 70-dən çox əlvan, o cümlədən nəcib metal yataqları və təzahürləri mövcuddur. İşğala qədər qiymətli metal yataqları üzrə toplanmış geoloji məlumatlar bu yataqların bir çoxunun böyük sənaye ehtiyatlarına malik olduğunu təsdiqləyirdi. Ötən əsrin 90-cı illərinin ortalarından etibarən bu yataqlar Ermənistanın cəlb etdiyi xarici investorlar və erməni iş adamları tərəfindən intensiv talanmaya məruz qalıb. Xüsusilə Kəlbəcər, Zəngilan və Tərtər rayonunun vaxtı ilə işğal olunmuş ərazilərində yerləşən yataqlardan qızıl, gümüş, mis və molibden ehtiyatları intensiv şəkildə istismar edilib. Qanunsuz hasilat və satış nəticəsində əldə olunmuş qeyri-qanuni gəlirlər Ermənistan Respublikasının, xüsusilə də qondarma rejimin maliyyələşdirilməsində mühüm rol oynayıb. Bununla da Azərbaycan Respublikasının iqtisadi və dövlət maraqlarına ciddi ziyan vurulub. 2022-ci ilin noyabr ayında Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərindəki mədənlərdən süxurların qanunsuz olaraq Ermənistan Respublikası istiqamətinə daşınması faktlarının üzə çıxması Ermənistan tərəfindən Azərbaycanın suveren ərazilərində təbii sərvətlərin talanmasının davam etdirildiyini bir daha təsdiqləmiş oldu. Hazırda ölkəmizin nəzarətində olan sözügedən yataqların ehtiyatları bir daha qiymətləndirilməkdə və əlaqədar dövlət qurumları tərəfindən qeyri-qanuni hasilat nəticəsində Azərbaycana vurulmuş ziyanın həcminin hesablanması işləri icra edilməkdədir. 

 “AzerGold” QSC fəaliyyətə başladığı dövrdən qanunsuz istismar faktlarına xüsusi diqqət ayırıb. Cəmiyyət tərəfindən vaxtilə Qarabağ və Şərqi Zəngəzurda əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədi ilə ictimai açıq mənbələrdə müvafiq araşdırmalar aparılıb. Bununla bağlı əldə edilmiş materiallar 2018-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib. Araşdırmanın növbəti mərhələlərdə beynəlxalq komponenti də daxil olmaqla icrasının təmin edilməsi üçün nüfuzlu beynəlxalq hüquq şirkəti və bir sıra yerli ekspertlər prosesə cəlb olunub və hazırlanmış yekun sənədlər aidiyyəti dövlət strukturuna göndərilib. Sözügedən sənədlərdə qızıl, gümüş, mis, molibden və digər əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olmuş şəxslər və şirkətlər, qeyri-qanuni hasilata dəstək verən cinayətkar şəbəkələr zənciri, onların qanunsuz fəaliyyəti barədə ictimai açıq mənbələrdən toplanmış detallı məlumatlar əks olunub. Tədqiqat materialları qanunsuz əməllərin icraçısı olan erməni, eləcə də xarici şirkətlərə qarşı müxtəlif beynəlxalq instansiyalarda tətbiq olunacaq hüquqi tədbirlərə dair tövsiyyələri ehtiva edir.

2022-ci ildən etibarən “Azərbaycan Respublikasının daha öncə işğal altında olmuş ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti fəaliyyətinə beynəlxalq müstəvidə hüquqi qiymətin verilməsi” layihəsi AzerGold QSC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərəfdaşlığı əsasında həyata keçirilir.

Bununla yanaşı, Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar və digər lazımi işlər proqramlaşdırılır.

Bundan sonrakı mərhələlərdə də “AzerGold” QSC dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır.

Heç şübhəsiz, işğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilmiş ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaq.