“AzerGold” QSC-də “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”na dair brifinq keçirilib

24.09.2026

18:40

Brifinqdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 22 sentyabr 2026-cı il tarixində keçirilmiş “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə qarşıya qoyulmuş hədəflər, müəyyənləşdirilmiş strateji istiqamətlər və yeni layihələrin icrası ilə bağlı ətraflı məlumat verib.

"AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun çıxışı

- Hörmətli media nümayəndələri, hörmətli xanımlar və cənablar, hər birinizi salamlayır və bugünkü brifinqdə iştirakınıza görə təşəkkür edirəm. Bildiyiniz kimi, iki gün əvvəl möhtərəm cənab Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi. Dünən isə dövlət başçısının Sərəncamı ilə Dövlət Proqramı təsdiq edildi.

Dövlət proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Proqram qarşıdakı dörd il ərzində mineral resursların səmərəli istifadəsini, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsini, hasilatla yanaşı emal və metallurgiya imkanlarının genişləndirilməsini, beləliklə, ölkə daxilində daha yüksək əlavə dəyərin yaradılmasını nəzərdə tutur.

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın dağ-mədən sənayesinin inkişafını uzun illər həm obyektiv, həm də subyektiv amillər məhdudlaşdırıb. Sovet dövründə aşkar edilmiş strateji metal yataqlarının əhəmiyyətli hissəsi sonradan işğal altında qaldığından, həmin təbii sərvətlər Ermənistan tərəfindən qanunsuz istismar və talan edilib.

Dövlət Proqramının icrası ilə artıq xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda yeni bir dövr başlayır. Qarabağ və Şərqi Zəngəzurda yerləşən qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir. Bildiyiniz kimi, Ağdərə rayonunun Canyataq kəndinin ərazisində yerləşən Dəmirli mis mədənində istismar işlərinə artıq başlanılıb, Kəlbəcər rayonunda yaxın dövrdə hasilatın başlanması nəzərdə tutulur. Zəngilan rayonunda mövcud ehtiyatlarının müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi, resurs bazasının dəqiqləşdirilməsi və gələcək hasilat üçün zəruri texniki və infrastruktur işləri görülür.

Dövlət başçısının vurğuladığı kimi, Qarabağla yanaşı, ətraf rayonlarda da böyük mineral resurs potensialı mövcuddur. Bu səbəbdən ən müasir geoloji texnologiyalar tətbiq edilməklə genişmiqyaslı kəşfiyyat işlərinə start verilib və yeni yataqların müəyyənləşdirilməsi hədəflənir.

Cənab Prezidentin vurğuladığı 3-cü coğrafi istiqamət, Naxçıvan Muxtar Respublikasıdır Naxçıvanda həm sovet dövründə, həm də sonrakı illərdə geoloji kəşfiyyat kifayət qədər aparılmayıb. Bu bölgəmiz də yüksək mineral potensiala malikdir və burada geoloji kəşfiyyat işlərinin geniş şəkildə başlanması Dövlət Proqramının mühüm istiqamətlərindən biridir.

Sentyabrın 22-də keçirilmiş müşavirədə bu istiqamətlər üzrə möhtərəm Cənab Prezident tərəfindən konkret vəzifələr müəyyənləşdirildi. Xüsusilə, mövcud yataqların müasir üsullarla yenidən qiymətləndirilməsi, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, filizdən son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması və sahəyə özəl investisiyaların cəlb edilməsi əsas istiqamətlər kimi diqqətə çatdırıldı.

Dövlət Proqramının məhz bu dövrdə qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki müasir qlobal iqtisadiyyatda dağ-mədən sənayesinin rolu əhəmiyyətli dərəcədə dəyişib. Yaşıl enerji keçidi, elektrikləşmə, rəqəmsallaşma, yüksək texnologiyaların inkişafı mis, sink, qurğuşun, dəmir və digər metal filizlərinə, eləcə də kritik mineral xammala tələbatı artırır. Eyni zamanda, qlobal təchizat zəncirlərinin dayanıqlılığı və mineral resursların təhlükəsizliyi məsələləri getdikcə daha çox ön plana çıxır. Bu baxımdan, Dövlət Proqramı Azərbaycanın malik olduğu mineral resursların artan qlobal əhəmiyyətindən daha səmərəli istifadə etmək üçün vaxtında atılmış strateji addımdır.

Bu illər ərzində əldə etdiyimiz nəticələr əsasında deyə bilirik ki, dövlətin bu sahəyə diqqəti və xüsusi qayğısı nəticəsində Dövlət Proqramının icrası və Azərbaycanda müasir dağ-mədən sənayesinin genişləndirilməsi üçün artıq müəyyən edilmiş baza və institusional təcrübə mövcuddur. 10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və 1 regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması ilə “AzerGold” QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Şirkətin bu dövr ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində cari ilin avqust ayınadək ölkə iqtisadiyyatına 2,3 milyard manat gəlir, dövlət büdcəsinə isə 267,2 milyon manat vergi ödənişi təmin edilib. Bu dövr ərzində şirkət ümumilikdə 618 milyon manat mənfəət əldə edib. 2025-ci ilin maliyyə nəticələrinə əsasən, əldə olunmuş mənfəətin təxminən 42 milyon manatının dividend şəklində dövlət büdcəsinə yönəldilməsi nəzərdə tutulur.

Bu nəticələr “AzerGold” QSC-nin ölkənin qeyri-neft sənayesinin inkişafına, ixrac potensialının artırılmasına, dövlət büdcəsinin gəlirlərinin formalaşmasına və bütövlükdə iqtisadi dəyərin yaradılmasına verdiyi töhfəni nümayiş etdirir.

Bu səbəbdən, Dövlət Proqramı “AzerGold” üçün yeni fəaliyyət mərhələsinin başlanğıcı olmaqla yanaşı, son on ildə formalaşmış təcrübənin daha geniş miqyasda tətbiqi üçün də imkan yaradır. Qarşıdakı mərhələdə əsas vəzifəmiz yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, hasilat və emal zəncirinin genişləndirilməsi və ölkə daxilində daha yüksək əlavə dəyərin yaradılmasıdır.

“AzerGold” QSC olaraq biz bu yeni mərhələdə üzərimizə düşən vəzifələri aydın şəkildə görürük. Qarşıdakı dövrdə əsas məqsədimiz mövcud inkişaf dinamikasını qorumaqla yanaşı, təmsil etdiyimiz sektorun inkişafına yeni töhfələr verməkdir. Dövlət Proqramının Tədbirlər Planında “AzerGold” QSC-nin fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra mühüm prioritetlər üzrə əsas icraçı kimi müəyyənləşdirilib.

Bu istiqamətləri ümumiləşdirsək, ilk növbədə ölkənin mineral-xammal bazasının genişləndirilməsi və yeni yataqların kəşf olunması, o cümlədən qızıl, mis və digər faydalı qazıntıların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur.

İkinci mühüm istiqamət mövcud yataqlar üzrə hasilat və emalın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və istehsal səmərəliliyinin artırılmasıdır.

Digər prioritet istiqamət qiymətli və əlvan metallar üzrə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi, yəni yalnız xammal hasil edən deyil, onu daha yüksək əlavə dəyərlə emal edən və hazır məhsula çevirən sənaye zəncirinin formalaşdırılmasıdır. Eyni zamanda, qara və əlvan metallurgiya üçün xammal bazasının yaradılması, strateji əhəmiyyətli polimetal və dəmir filizi yataqlarının işlənməsi də əsas istiqamətlər sırasındadır.

Mineral resurs bazasının artırılması və yeni mədənlərin işə salınması

 “AzerGold” tərəfindən mineral resurs bazasının artırılması məqsədi ilə bu günə qədər genişmiqyaslı işlər aparılıb.

  • Hazırda ilkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min km² ərazini əhatə edən geoloji tədqiqatlar davam etdirilir və bu işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır. Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil  olmaqla ölkəmizin mineral resurs potensialı xəritələndiriləcək.

  • Hazırda axtarış-qiymətləndirmə mərhələsində 10 perspektivli qızıl-mis sahəsi var, onların resursları qiymətləndirməsi davam edir və bu prosesin də 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

  • Naxçıvan Muxtar Respublikasının hüdudları daxilində bir müddət əvvəl Birləşmiş Ərəb Əmirlikləri şirkəti - “International Resources Holding” ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə tərəfindən ilkin axtarış-qiymətləndirmə işlərinə intensiv hazırlıq işləri görülür.

  • İlkin kəşfiyyat mərhələsində “AzerGold”un portfelinə daxil 5 yataq mövcuddur və bu yataqlar üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam edir. Naxçıvanda yerləşən Göydağ və Başkənd, eləcə də Balakəndə yerləşən Mazımçay mis yataqları üzrə müvafiq olaraq təxminən 375 min, 289 min və 849 min GEO ilkin resurs müəyyən edilib. Bu üç yataq üzrə ümumi ilkin resurs təxminən 1,5 milyon GEO təşkil edir.

  • Naxçıvanda yerləşən Nəsirvaz polimetal və Kəlbəcərdə yerləşən Tutxun qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir.

Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək 4 əsas strateji layihə

“AzerGold”un Dövlət Proqramı çərçivəsində 4 strateji layihəni həyata keçirəcək. Bunlar Kəlbəcər rayonunda yerləşən Söyüdlü qızıl, Naxçıvanda yerləşən Ortakənd qızıl, Baləkəndə yerləşən Filizçay polimetal, o cümlədən Daşkəsən dəmir filizi layihələridir. Bu layihələrin ümumi investisiya həcmi təxminən 3,63 milyard manat, ümumi iqtisadi dəyəri isə 60,4 milyard manatdır. Məlum olduğu kimi, dağ-mədən və metallurgiya layihələri böyük kapital qoyuluşu və uzunmüddətli maliyyələşmə tələb edir. Cənab Prezident müşavirədə qeyd etdi ki, bu sahədə dövlət investisiyaları ilə yanaşı, yerli və xarici özəl kapitalın cəlb edilməsi üçün imkanlar genişləndirilməlidir. “AzerGold” olaraq biz də bu prinsipə uyğun fəaliyyət göstəririk. Strateji layihələrin maliyyələşdirilməsində əsasən şirkətin daxili gəlirləri və borc vəsaitlərindən istifadə etməyi planlaşdırırıq. Eyni zamanda, xüsusilə iri və kapitaltutumlu layihələr üzrə özəl və xarici investorların iştirak imkanlarını da nəzərdən keçiririk. Sadaladığım layihələr şirkətin daxili və borc vəsaitləri, dövlət büdcəsi və potensial investorların iştirakı hesabına maliyyələşdiriləcək. Maliyyələşmənin sadəcə 10%-i dövlət büdcəsi hesabına təmin olunacaq.

Qızıl

  • Xronoloji ardıcıllıq üzrə ilk istehsalata başlayacağımız layihə Söyüdlü qızıl yatağıdır. 2028-ci ildən etibarən layihənin istismar dövrü 9 il, qızıl resursu 1,03 milyon unsiya, iqtisadi dəyəri 7,5 milyard manat, tələb olunan investisiya isə 425 milyon manat nəzərdə tutulur. Layihə “AzerGold”un daxili və borc vəsaitləri hesabına maliyyələşdiriləcək.

  • İkinci layihə Naxçıvanda yerləşən Ortakənd qızıl yatağıdır. İlk istehsal 2029-cu ildə nəzərdə tutulur. Layihənin istismar dövrü 9 il, qızıl resursu 246 min unsiya, iqtisadi dəyəri 1,8 milyard manat, tələb olunan investisiya isə 255 milyon manatdır. Layihə “AzerGold”un daxili və borc vəsaitləri hesabına maliyyələşdiriləcək.

  • Söyüdlü və Ortakənd layihələri üzrə ümumilikdə təxminən 1,28 milyon unsiya əlavə qızıl resursunun hasilata cəlb edilməsi ölkənin qızıl istehsalının və ixracının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.

Polimetal

  • Avropanın ən böyük yataqlarından biri sayılan “Filizçay” polimetal yatağı dünyadakı digər polimetal yataqları kimi müxtəlif - geoloji və digər amillərə görə ən mürəkkəb yataqlardan biridir. Filizçay polimetal yatağı üzrə ilk istehsalın 2031-2032-ci illərdə başlanması nəzərdə tutulur. 34 illik istismar dövrü ərzində yatağın 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat, tələb olunan investisiya isə 1 milyard manatdır. Bildiyiniz kimi, müşavirədə cənab Prezident tərəfindən “AzerGold”un ilkin mərhələdə yatağın 100 faiz səhmdarı kimi fəaliyyət göstərməsi tapşırıldı. Vurğulandı ki, tədqiqat irəlilədikcə yatağın iqtisadi dəyəri artacaq və bundan sonra, zərurət yarandığı halda, müəyyən pay əsasında xarici investorların layihəyə cəlb edilməsi nəzərdən keçirilə bilər.

  • Filizçay layihəsinin icrası yeni ixrac imkanları yaradacaq və ölkədə yeni sənaye istiqamətinin formalaşmasına şərait yaradacaq. Eyni zamanda regionun sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və dağ-mədən sənayesi ətrafında əlaqəli sahələrin formalaşmasına təkan verəcək. Layihənin icrası ilə hasilat və emal proseslərinə xidmət göstərən yerli podratçı və təchizatçı şirkətlərin, logistika və digər xidmət sahələrinin fəaliyyətinin genişlənməsi üçün də yeni imkanlar yaranacaq. Beləliklə, Filizçay ölkənin əlvan metallurgiya potensialının inkişafına və yeni sənaye dəyər zəncirinin formalaşmasına mühüm töhfə verəcək.

Qara metal

  • Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur. Mədən, zənginləşdirmə, boru kəməri, pellet və isti breketlənmiş dəmir - İBD zavodlarını əhatə edən layihə üzrə 20 illik istismar dövründə 40 milyon ton İBD məhsulunun istehsalı planlaşdırılır. Layihənin iqtisadi dəyəri 24 milyard manat, tələb olunan investisiya isə 1,95 milyard manatdır. Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorun iştirakı hesabına təmin ediləcək.

  • Layihəyə əsasən, Daşkəsən mədənindən çıxarılan filiz əvvəlcə mədənin ərazisində inşa ediləcək zənginləşdirmə zavodunda emal olunaraq konsentrata çevriləcək. Daha sonra konsentrat pellet istehsalı üçün Şəmkir rayonunda tikilməsi nəzərdə tutulan zavoda nəql ediləcək. Bu məqsədlə ölkədə ilk dəfə uzunluğu 40 kilometrdən çox olacaq şlam boru kəmərinin inşası planlaşdırılır. İstehsal zəncirinin son mərhələsində isə pelletdən polad sənayesi üçün əsas xammallardan biri olan isti briketləşdirilmiş dəmir istehsal ediləcək.

  •  İllik istehsal gücü 2 milyon ton olacaq zavod Qərb Sənaye Parkının Şəmkir rayonu ərazisinə düşən hissəsində inşa ediləcək. Bu layihənin həyata keçirilməsi ölkədə yüksək keyfiyyətli polad istehsalı üçün dayanıqlı xammal bazasının formalaşdırılmasına imkan verəcək. Yəni, istehsal olunacaq illik 2 milyon ton həcmində məhsul daxili bazarın tələbatı ödəyəcək, üstəlik tələbatdan artıq məhsullar ixracata yönəldiləcək. Bu isə bir tərəfdən idxaldan asılılığın azalmasına, digər tərəfdən isə ixrac potensialının genişlənməsinə, qeyri-neft sektorunun inkişafına və dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsinə mühüm töhfə verəcək.

Strateji hədəflər

Beləliklə, son 10 ildə yalnız qızıl hasil edən şirkət kimi deyil, geoloji kəşfiyyat, əlvan və qara metal filizləri, sənaye partlayıcıları və qeyri-filiz sahələrini əhatə edən çoxşaxəli milli dağ-mədən şirkəti kimi formalaşan “AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevriləcək. “AzerGold”un gəlir və məşğulluq göstəricilərinə görə Azərbaycanın qeyri-neft sənayesinin ən böyük şirkətlərindən biri olmasını hədəfləyirik. Uğurlu dövlət siyasəti nəticəsində bu 10 ildə qazanılmış təcrübə və yaradılmış baza növbəti inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır. Məqsədimiz ölkəmizin iqtisadi inkişafına töhfələr vermək və regionlarda uzunmüddətli məşğulluq formalaşdırmaqdır.

Ekoloji təhlükəsizlik

Dağ-mədən sənayesinin inkişafı ilə bağlı ən mühüm məsələlərdən biri də ekoloji təhlükəsizlikdir. Cənab Prezident müşavirədə konkret şəkildə vurğuladı ki, mineral sərvətlərdən istifadə zamanı təbiətin qorunması və ən yüksək ekoloji standartlara əməl olunması əsas şərtlərdən biridir. “AzerGold” dövlət şirkəti olaraq bu yanaşmanı fəaliyyətimizin fundamental prinsiplərindən biri hesab edir. Fəaliyyətimizin bütün mərhələlərində – geoloji kəşfiyyatdan hasilat və emala qədər – ekoloji tələblər nəzərə alınır. Yeni layihələrin hazırlanması və icrası zamanı da müasir ekoloji standartların tətbiqi, istehsal proseslərinin ətraf mühitə təsirinin minimuma endirilməsi və rekultivasiya tədbirləri layihələrin ayrılmaz hissəsi olacaq.

Yekun

Hörmətli media nümayəndələri, Azərbaycan qarşıdakı dörd ildə dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsinə qədəm qoyur. Möhtərəm cənab Prezidentin tapşırıqları və Dövlət Proqramının qarşıya qoyduğu hədəflər bizim fəaliyyətimiz üçün mühüm yol xəritəsidir. “AzerGold” bu prosesdə milli dağ-mədən şirkəti kimi üzərinə düşən vəzifələri yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edəcək. Biz qarşıdakı dövrdə həm yeni yataqlar kəşf etməli, həm mövcud resursları daha səmərəli istifadə etməli, həm də Azərbaycanın mineral xammalını daha yüksək əlavə dəyərli məhsula çevirməliyik. Bu, həm “AzerGold”un növbəti inkişaf mərhələsinin başlanğıcı, həm də bütövlükdə Azərbaycanın dağ-mədən sənayesinin qarşısında duran əsas çağırışdır.

Diqqətinizə görə təşəkkür edirəm.