“AzerGold” QSC-də fəaliyyətini başa vuran Xəyyam Fərzəliyevlə kollektivin görüşü keçirilib

24.11.2026

17:00

Noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “AzerGold” QSC-dəki fəaliyyətini başa vuran Xəyyam Oqtay oğlu Fərzəliyevlə Cəmiyyətin kollektivi arasında görüş keçirilib.

Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri və üzvləri, rəhbər şəxslər, struktur bölmələrinin rəhbərləri, eləcə də hasilat sahələrində çalışan əməkdaşlar onlayn formatda iştirak ediblər.

Tədbirdə Xəyyam Fərzəliyevin Cəmiyyətdən ayrılmaq qərarının qarşılıqlı hörmət və anlayışla qarşılandığı bildirilib.

İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışında Xəyyam Fərzəliyevin Cəmiyyətdəki fəaliyyətindən bəhs edərək, onun “AzerGold” QSC-nin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib.

Xəyyam Fərzəliyev də öz növbəsində birgə fəaliyyət müddətində göstərilən etimada və dəstəyə görə Cəmiyyətin rəhbərliyinə və kollektivinə minnətdarlığını ifadə edib.

Görüşün sonunda Xəyyam Fərzəliyevə xatirə hədiyyəsi təqdim olunub, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.