"AzerGold" QSC-nin dəstəyi ilə BANM tələbələri beynəlxalq konfransda ölkəmizi təmsil ediblər

07.04.2025

12:42

“AzerGold” QSC-nin dəstəyi ilə Bakı Ali Neft Məktəbinin (BANM) magistratura pilləsinin Neft və qaz texnologiyaları ixtisası üzrə I kurs tələbəsi Almaz Heydərova və Kimya mühəndisliyi ixtisası üzrə məzunu Günel Rəhimli Yeni Zelandiyanın Oklend şəhərində keçirilən "ICOSSE’25" (International Congress on Sustainability Science & Engineering) beynəlxalq konfransında ölkəmizi təmsil ediblər.

Konfrans çərçivəsində “Tullantıların idarə olunması və təkrar emal üçün innovativ texnologiyalar”, “Resursların bərpasına dair dayanıqlı yanaşmalar”, “Rəqəmsallaşma və süni intellektin sənaye proseslərinə inteqrasiyası” və “Müxtəlif sənaye sahələrində dövri iqtisadiyyat strategiyaları” mövzuları müzakirə edilib. 

Tələbələr “Tullantı çap elektron lövhələrindən qızılın səmərəli çıxarılması” mövzusunda təqdimat edib, beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və innovativ həllərə dair müzakirələrdə iştirak etmək imkanı əldə ediblər. Azərbaycanlı tələbələrin təqdimatı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.