“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
06.07.2026
17:05
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətə başlamasının 10 illiyini qeyd edir. Ötən dövr ərzində şirkət geoloji kəşfiyyatdan hasilata, emaldan sənaye xidmətlərinə və pərakəndə satışa qədər uzanan geniş fəaliyyət istiqamətləri üzrə mühüm nəticələr əldə edib. QSC qeyri-neft sektorunun inkişafına, mineral ehtiyatların səmərəli idarə olunmasına və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verən bir sıra strateji layihələri uğurla həyata keçirib. Bununla yanaşı, yeni yataqların istismara hazırlanması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ekoloji və sosial məsuliyyət təşəbbüslərinin icrası, insan kapitalının inkişafı istiqamətində də mühüm addımlar atılıb. Şirkətin növbəti inkişaf mərhələsində irimiqyaslı mədən layihələrinin reallaşdırılması, geoloji kəşfiyyatın genişləndirilməsi və xarici bazarlarda fəaliyyət imkanlarının artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib. Eyni zamanda, “AzerGold”un pərakəndə satış sahəsində əldə etdiyi uğurlar və regionlarda həyata keçirdiyi sosial layihələr də diqqətçəkən istiqamətlərdəndir. Bu və digər məsələlərlə bağlı “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov AZƏRTAC-ın suallarını cavablandırıb.
- Zakir müəllim, 2026-cı il iyulun 5-də “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 ili tamam oldu. İlk növbədə, sizi və rəhbərlik etdiyiniz kollektivi 10 illik yubiley münasibətilə təbrik edirik. Bu əlamətdar tarix münasibətilə ötən dövrə necə qiymət verərdiniz?
- İlk növbədə, “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə ünvanladığınız təbrikə görə sizə və AZƏRTAC kollektivinə səmimi təşəkkürümü bildirirəm. Bu əlamətdar yubiley münasibətilə şirkətimizin bütün əməkdaşlarını, fəaliyyətimizə töhfə vermiş mütəxəssisləri və tərəfdaşlarımızı ürəkdən təbrik edirəm. İnsan ömründə 10 il böyük bir mərhələdir. Mədənçilik sənayesində isə kəşfiyyatdan hasilata qədər olan proses, infrastrukturun qurulması və investisiyaların geri dönüşü uzun illər tələb etdiyindən bu müddət nisbətən qısa hesab olunur. Buna baxmayaraq, “AzerGold”un ötən 10 ildə müsbət nəticələr əldə edərək ölkənin dağ-mədən sektorunun inkişafına əhəmiyyətli töhfələr verdiyinə inanırıq. Bu baxımdan, 10 illik yubiley geridə qalan dövrü dəyərləndirmək, əldə olunan nəticələri təhlil etmək və qarşıdakı hədəfləri müəyyənləşdirmək üçün mühüm məqamdır.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilən və 2016-cı il iyulun 5-də fəaliyyətə başlayan “AzerGold” QSC-nin uğurlarının əsasında dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qeyri-neft sektorunun inkişafı, təbii sərvətlərin səmərəli idarə olunması və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş strateji inkişaf siyasəti dayanır. Məhz bu siyasət ölkədə müasir dağ-mədən sənayesinin inkişafı üçün əlverişli şərait yaradıb.
Fəaliyyətə başladığımızda qarşımızda duran əsas məqsəd əlvan metal yataqları üzrə ölkənin mineral-xammal potensialını qısa zamanda iqtisadi dövriyyəyə cəlb etmək və qeyri-neft sektorunun inkişafına real töhfə vermək idi. Sonrakı illərdə isə dövlət tərəfindən şirkətimizin fəaliyyətinə göstərilən yüksək etimadın nəticəsi olaraq “AzerGold”a yeni strateji səlahiyyətləri həvalə edildi. Belə ki, 2020-ci ildə fəaliyyət istiqamətlərimiz qara metal filizi yataqlarının öyrənilməsi və istismarı ilə genişləndirildi. Həmin il “AzerGold” QSC-nin ilk törəmə şirkəti - “Daşkəsən Dəmir Filiz” MMC təsis edildi. 2021-ci ildə isə sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə şirkət yaradıldı.
2024-cü ildə “AzerGold” QSC-yə Hasilatın Pay Bölgüsü Sazişində Azərbaycan dövlətini təmsil etmək səlahiyyəti verildi. Cari ildə isə şirkətə qeyri-filiz faydalı qazıntı yataqlarının idarə olunması və inkişafı istiqamətində də yeni funksiyalar həvalə edildi. Bütün bunlar dövlətin şirkətimizə olan etimadının, peşəkar fəaliyyətimizə və əldə etdiyimiz nəticələrə verdiyi yüksək dəyərin aydın ifadəsidir.
Beləliklə, ötən 10 il ərzində “AzerGold” geoloji kəşfiyyatdan hasilata, emaldan sənaye xidmətlərinə və pərakəndə satışa qədər uzanan geniş dəyər zəncirini əhatə edən müasir, inteqrəolunmuş dağ-mədən şirkətinə çevrilib. Qarşıdakı dövrdə də dayanıqlı inkişaf, innovativ yanaşmalar, ekoloji və sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq ölkənin dağ-mədən sənayesinin inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməyi, mövcud layihələrin səmərəliliyini artırmağı, yeni yataqları dövriyyəyə cəlb etməyi, beynəlxalq əməkdaşlığı genişləndirməyi və uzunmüddətli iqtisadi dəyər yaratmağı əsas məqsəd kimi müəyyənləşdirmişik.
- QSC-nin 10 illik fəaliyyətində ən mühüm nailiyyətlər hansılar hesab oluna bilər?
- Əldə olunan nailiyyətlər çoxşaxəlidir. Qeyd etmək istərdim ki, 10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəni və 1 regional sənaye kompleksinin istifadəyə verilməsi, həmçinin 2 törəmə müəssisənin təsis olunması ilə QSC-nin fəaliyyətinin daha da şaxələndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu müddətdə qiymətli metalların hasilatının genişləndirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü işlər görülüb, 4 qızıl mədənində hasilat prosesləri uğurla təşkil olunub.
Eyni zamanda, bir daha vurğulamaq istərdim ki, mədənçilik sənayesi digər sahələrlə müqayisədə daha uzunmüddətli tədqiqatlar, layihələndirmə və hazırlıq mərhələləri tələb edən mürəkkəb və kapitaltutumlu bir sahədir. Bu baxımdan “AzerGold” bu illər ərzində təkcə mövcud mədənlərin istismarı ilə kifayətlənməyib, idarəetməsində olan irimiqyaslı mədən layihələri üzrə zəruri elmi-texniki və iqtisadi tədqiqatlar aparıb, onların yaxın gələcəkdə istismara verilməsi üçün zəmin yaradıb.
QSC istehsalat proseslərinin optimallaşdırılması istiqamətində də fəaliyyətini uğurla davam etdirib. Daşkəsən rayonunun şimal hissəsində, eyniadlı kəndin yaxınlığında yerləşən “Çovdar” qızıl yatağı “AzerGold”un ilk layihəsidir. Bu yataqda hasilat işlərinə 2017-ci ildə başlamışıq. 2016-cı ildə yatağın çıxarılabilən qızıl ehtiyatı 179 min unsiya həcmində qiymətləndirilmişdi. Həmin proqnoza əsasən mədənin istismarının 2020-ci ildə yekunlaşması nəzərdə tutulurdu. Lakin istismar prosesində həyata keçirilən optimallaşdırma tədbirləri və bir neçə ili əhatə edən əlavə kəşfiyyat işləri nəticəsində yatağın çıxarılabilən ehtiyatları artırıldı. Bununla yanaşı, “Çovdar” yatağının cinahlarında kəşf etdiyimiz “Mərəh” və “Ağyoxuş” qızıl yataqları qrupu, o cümlədən Göygöl rayonunda yerləşən “Tülallar” qızıl yatağı da istismara cəlb edildi və bu yataqların vahid istehsal mərkəzi çərçivəsində idarə olunmasını təmin etmək məqsədilə Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) yaradıldı. Nəticədə bir-birinə yaxın lokasiyada yerləşən və ayrı-ayrılıqda istismarı və emalı iqtisadi baxımdan səmərəli hesab edilməyən yataqların həyata keçirilən tədbirlər nəticəsində satılabilən qızıl ehtiyatları 1,02 milyon unsiyaya yüksəldildi, mədənin istismar müddəti isə 2032-ci ilədək uzadıldı.
Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, bu gün “AzerGold” müxtəlif tipli filizlərin emalı üzrə zəngin təcrübə formalaşdırıb. Filizin xüsusiyyətlərindən asılı olaraq həm topa qələviləşdirmə, həm də çəndə qələviləşdirmə texnologiyalarını tətbiq edir və hər bir yataq üçün ən səmərəli emal üsulunu seçirik. Məsələn, “Çovdar” yatağında hasilata başladığımız ilk illərdə yalnız topa qələviləşdirmə texnologiyasından istifadə olunurdu. Lakin sonrakı mərhələlərdə hasil edilən filizin xüsusiyyətləri nəzərə alınaraq 2022-ci ildə Çəndə Qələviləşdirmə Zavodu kompleksinin tikintisinə başlanıldı. 2024-cü ildə tam gücü ilə istismara verilən zavodun illik filiz üyütmə gücü 1,1 milyon ton təşkil edir.
Bu yanaşma istehsal proseslərinin daha səmərəli təşkilinə, mövcud ehtiyatlardan maksimum istifadə edilməsinə və yataqların iqtisadi səmərəliliyinin artırılmasına imkan yaradır.
Bu günədək şirkətin istismar etdiyi mədənlərdən 558 min unsiyadan çox qızıl və 1 milyon unsiyadan artıq gümüş hasil edilib. Qiymətli metalların daxili və beynəlxalq bazarlarda satışı nəticəsində QSC 2,2 milyard manatdan çox gəlir əldə edib. Sevindirici haldır ki, bu günə qədər şirkətin qızıl layihələrinin icrası üçün dövlət büdcəsindən ümumilikdə cəmi 47 milyon manat investisiya ayrılıb. Bunun müqabilində şirkət 10 dəfədən çox, yəni 473,5 milyon manat xalis mənfəət formalaşdırıb. Eyni zamanda, dövlət büdcəsinə 295,3 milyon manat məbləğində vergi və sosial ödənişlər həyata keçirilib.
“AzerGold”un qızıl layihələrinin icrası istiqamətində dövlət büdcəsindən asılılığı 2021-ci ildən etibarən tamamilə aradan qaldırılıb. Yeri gəlmişkən haqqında bəhs etdiyim Çəndə Qələviləşdirmə Zavodu kompleksinin yaradılması üçün tələb olunan 383 milyon manatlıq investisiya da daxili imkanlar hesabına təmin edilib. Bununla da dövlət büdcəsinə əlavə yük yaradılmadan, şirkət tərəfindən ölkəmizin ən iri sənaye layihələrindən biri uğurla icra olunub.
Hazırda dövlət büdcəsindən “AzerGold”a ayrılan vəsaitlər yalnız dövlət tərəfindən qarşıya qoyulmuş strateji layihələrin icrasına yönəldilir. Belə layihələrdən biri də Azərbaycanın metallurgiya sənayesinin inkişafı üçün strateji əhəmiyyət daşıyan və böyük həcmdə investisiya qoyuluşu tələb edən Daşkəsən dəmir filizi layihəsidir. Layihənin həyata keçirilməsi, Daşkəsən dəmir filizi yataqlarının istismara hazırlanması və istehsalat zəncirinin qurulması məqsədilə 2020-ci ildə “AzerGold” QSC-nin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib.
Qeyd etmək istərdim ki, müstəqilliyimizin ilk illərindən etibarən ölkəmizin zəngin dəmir filizi ehtiyatları tam və səmərəli şəkildə iqtisadi dövriyyəyə cəlb edilməmişdi. Hazırda isə məqsədimiz təkcə dayanıqlı dəmir filizi hasilatını bərpa etmək deyil, həm də zənginləşdirmədən başlayaraq konsentrat, pellet və yüksək əlavə dəyərə malik isti briketləşdirilmiş dəmirin (İBD) istehsalını əhatə edən tam inteqrasiya olunmuş sənaye zənciri yaratmaqdır.
Layihəyə əsasən, Daşkəsən mədənindən çıxarılan filiz əvvəlcə mədənin ərazisində inşa ediləcək zənginləşdirmə zavodunda emal olunaraq konsentrata çevriləcək. Daha sonra konsentrat pellet istehsalı üçün Şəmkir rayonunda tikilməsi nəzərdə tutulan zavoda nəql ediləcək. Bu məqsədlə ölkədə ilk dəfə uzunluğu 40 kilometrdən çox olacaq şlam boru kəmərinin inşası planlaşdırılır. İstehsal zəncirinin son mərhələsində isə pelletdən polad sənayesi üçün əsas xammallardan biri olan isti briketləşdirilmiş dəmir istehsal ediləcək. İllik istehsal gücü 2 milyon ton olacaq zavod Qərb Sənaye Parkının Şəmkir rayonu ərazisinə düşən hissəsində inşa ediləcək.
Bu layihənin həyata keçirilməsi ölkədə yüksək keyfiyyətli polad istehsalı üçün dayanıqlı xammal bazasının formalaşdırılmasına imkan verəcək. Yəni, istehsal olunacaq illik 2 milyon ton həcmində məhsul daxili bazarın tələbatı ödəyəcək, üstəlik tələbatdan artıq məhsullar ixracata yönəldiləcək. Bu isə bir tərəfdən idxaldan asılılığın azalmasına, digər tərəfdən isə ixrac potensialının genişlənməsinə, qeyri-neft sektorunun inkişafına və dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsinə mühüm töhfə verəcək.
Layihənin ümumi investisiya dəyəri 1,3 milyard dollardan çoxdur. Dövlət büdcəsinə əlavə yük yaratmamaq məqsədilə layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Hər mərhələ üzrə tələb olunan investisiyaların əhəmiyyətli hissəsinin strateji investorlar və beynəlxalq maliyyə institutlarının kredit resursları hesabına maliyyələşdirilməsi planlaşdırılır. Layihənin icrası məqsədilə 2025-ci ildə “Daşkəsən Dəmir Filizi” MMC ilə Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Ltd” şirkətinin birgə iştirakı ilə “Azerbaijan Metal Company” MMC təsis edilib. Tərəflər birgə müəssisədə bərabər - 50 faiz paya malikdir.
Hesablamalara əsasən, 2029-cu ildə inteqrasiya olunmuş dəmir filizi istehsal zənciri layihəsinin bütün komponentlərinin tam icrası nəticəsində ölkə iqtisadiyyatına təxminən 19 milyard dollar həcmində töhfə veriləcəyi və regionlarda 4 minədək yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Fəaliyyətimizin şaxələndirilməsi istiqamətində atılan addımlar yalnız dağ-mədən sahəsi ilə deyil, bilavasitə əlaqəli digər yan sahələrin inkişafını da əhatə edir. Bu baxımdan dövlət-özəl tərəfdaşlığı əsasında yaradılmış digər törəmə müəssisəmiz olan “AzerBlast” MMC-nin fəaliyyətini xüsusi vurğulamaq istərdim. “AzerBlast” ölkədə dağ-mədən sənayesində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə yaradılmış ilk şirkətdir. Gəncə şəhərinin inzibati ərazisində yerləşən şirkətə məxsus Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu 2024-cü ildə istifadəyə verilib. Zavod tam istehsal gücü ilə işləməyə başladıqdan sonra 2025-ci ildən etibarən mənfəətə çıxıb. Gələcəkdə istehsal həcmlərinin daha da artırılması, məhsul çeşidinin genişləndirilməsi və ixrac imkanlarının formalaşdırılması nəzərdə tutulur.
Ötən 10 il ərzində əldə etdiyimiz konkret və ölçülə bilən nəticələr kifayət qədər çoxdur. Qeyd etdiyim hasilat göstəriciləri, yeni yataqların istismara cəlb olunması, iri sənaye layihələrinin həyata keçirilməsi, ixrac potensialının artırılması və maliyyə göstəricilərində davamlı artım bunların yalnız bir hissəsidir. Bu gün “AzerGold” dövlətin etibar etdiyi, beynəlxalq tərəfdaşların əməkdaşlıq etmək istədiyi, fəaliyyət göstərdiyi regionlarda isə yerli icmaların güvəndiyi bir şirkətə çevrilib.
Hasilatın Pay Bölgüsü Sazişində dövlətin təmsilçilik hüququnun şirkətə verilməsi də dövlət şirkətinə etimadın göstəricisi kimi qeyd oluna bilər. Azərbaycan dövləti ilə “R.V. Investment Group Services LLC” arasında bağlanmış Hasilatın Pay Bölgüsü Sazişi üzrə 2024-cü il 21 iyun tarixli Qanuna əsasən “Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, Ordubad qrupu (“Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” yataqları üzrə dövlətin təmsilçilik səlahiyyəti “AzerGold”a həvalə edilib. Bu çərçivədə əsas vəzifə dövlət maraqlarının qorunması və təbii sərvətlərin səmərəli, şəffaf istismarının təmin edilməsidir. Qısa müddətdə aparılan monitorinq və koordinasiya tədbirləri nəticəsində bütün istiqamətlər üzrə müsbət dinamika formalaşıb. Belə ki, “Gədəbəy” sahəsində hasilat və istehsalat fəaliyyəti qanunvericiliyə, beynəlxalq standartlara və ekoloji tələblərə uyğun şəkildə yenidən təşkil edilərək bərpa olunub. Ağdərə rayonunda yerləşən Dəmirli Filiz Emalı Kompleksi yenidən qurulub və mis mədənində 2025-ci ildən hasilata başlanılıb.
Sözügedən saziş üzrə layihələr əməliyyat şirkəti olan “Azerbaijan International Mining Company Limited” (AIMC) tərəfindən həyata keçirilir. Dövlət təmsilçiliyinin “AzerGold”a verilməsindən sonra “AIMC” şirkətinin ümumi gəlirləri ötən il 217 faiz artıb. Ötən illə müqayisədə cari ildə gəlirlərin 172 faiz həcmində artması 586 milyon manata çatacağı proqnozlaşdırılır. Xarici şirkət 2026-cı ilin ilk aylarında qeyri-neft ixracatçıları arasında lider mövqeyə yüksəlib. Eyni zamanda, mis konsentratı ölkənin qeyri-neft ixracında ilk dəfə üçüncü yeri tutub.
Bu müsbət dinamika və sənaye sektorunda artan nəticələr fonunda dövlət tərəfindən strateji əhəmiyyətli qeyri-filiz faydalı qazıntı yataqlarının idarə olunması ilə bağlı qərarlar qəbul olunub. Belə ki, dövlət başçısının 2024-cü ildə ölkə ərazisində qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə Sərəncamından irəli gələrək “AzerGold” QSC tərəfindən beynəlxalq təcrübə əsasında sahə üzrə geniş təhlillər aparılıb. Şirkətə həvalə olunmuş səlahiyyətlər çərçivəsində ekoloji və iqtisadi tələblər, eləcə də beynəlxalq standartlar nəzərə alınmaqla müvafiq təkliflər hazırlanaraq qısa müddətdə dövlət tərəfindən bir sıra aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yaradılmış xüsusi Komissiyaya təqdim edilib. Sevindirici haldır ki, təkliflərimiz müsbət qiymətləndirilib, onların icrasını təmin edən müvafiq normativ-hüquqi bazanın formalaşdırılmasına başlanılıb.
Bu prosesin məntiqi davamı olaraq Prezident İlham Əliyevin 2026-cı il 20 aprel tarixli Fərmanı ilə Bakı şəhərinin Qaradağ və Abşeron rayonlarının ərazilərini əhatə edən əhəngdaşı, Zaqatala, Balakən, Oğuz, eləcə də İmişli rayonu ərazisində yerləşən qum-çınqıl yataqları “AzerGold” QSC-nin istifadəsinə verilib. Bu qərarın əsas məqsədi tikinti materialları sənayesi üçün etibarlı xammal bazasının formalaşdırılması, mineral ehtiyatlardan səmərəli və ekoloji tələblərə uyğun istifadənin təmin edilməsi, müasir və şəffaf idarəetmə modelinin yaradılmasıdır. Artıq bu səlahiyyətlər çərçivəsində icra prosesinə başlanılıb. Qeyd olunan yataqlar üzrə fəaliyyətin mərhələli şəkildə təşkili qeyri-filiz faydalı qazıntılar sektorunda səmərəli, şəffaf və dayanıqlı nümunəvi idarəetmə modelinin formalaşdırılmasına xidmət edir.
- Zakir müəllim, son illər ərzində “AzerGold”un geoloji kəşfiyyat istiqamətində həyata keçirdiyi fəaliyyət və əldə olunan nəticələr barədə nə deyə bilərsiniz?
- Geoloji kəşfiyyat fəaliyyətimiz şirkətin strateji inkişaf xəttinin əsas sütunlarından biridir. Çünki yeni ehtiyatlar aşkar edilmədən, mövcud yataqların resurs bazası genişləndirilmədən hasilatın davamlılığını təmin etmək və yeni mədən layihələrini həyata keçirmək mümkün deyil. QSC bu məqsədlə bu günədək ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici olan ümumilikdə 344,3 min metr dərinliyində buruq-qazma işləri icra edib. Son illər ərzində müasir geoloji tədqiqat metodları və innovativ texnologiyalar tətbiq olunmaqla perspektivli sahələrdə genişmiqyaslı araşdırmalar aparılıb.
Geoloji tədqiqatlar prosesində hiperspektral peyk çəkilişləri və helikopter vasitəsilə aparılan aeroelektromaqnetik tədqiqatlardan geniş istifadə olunur. Bu yanaşmalar perspektivli sahələrin daha qısa müddətdə müəyyənləşdirilməsinə və böyük xərclər tələb edən qazma işlərinin optimallaşdırılmasına imkan yaradır. Hiperspektral metod geniş ərazilərdə süxurların spektral xüsusiyyətlərini təhlil edərək faydalı qazıntı əlamətlərini aşkar edir. Bu isə kəşfiyyat işlərinin daha səmərəli planlanmasına xidmət edir. Aeroelektromaqnetik tədqiqatlar isə helikopterə qoşulmuş xüsusi avadanlıq vasitəsilə yerin dərin qatlarının elektromaqnit xüsusiyyətlərini ölçərək geoloji məlumatların əldə edilməsinə imkan verir. Nəticədə yer səthinə müdaxilə edilmədən, ekoloji cəhətdən daha faydalı, daha sürətli və dəqiq kəşfiyyat aparılır. Beləliklə, bu tədqiqatların ardıcıllıqla tətbiqi kəşfiyyat işlərinin daha operativ, dəqiq və iqtisadi cəhətdən səmərəli şəkildə həyata keçirilməsini təmin edir.
Hazırda biz 2 istiqamətdə geoloji tədqiqatları davam etdiririk. Birinci istiqamət QSC-nin idarəetməsinə verilən filiz sahələri üzrə həyata keçirilən fəaliyyətdir. İkinci istiqamət Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq ölkə ərazisində mövcud olan filiz, qeyri-filiz yataq və təzahürləri üzrə geoloji kəşfiyyat proqramının icrasını əhatə edir. Bu proqramın əsas missiyası respublikanın 15 409 kvadratkilometr ərazisində mineral xammal bazasının müasir metodlarla yenilənməsi, müasir tədqiqat metodlarının tətbiqi ilə yeni perspektivli mineral-xammal potensialının müəyyənləşdirilməsi, ehtiyatların yenidən qiymətləndirilməsi və gələcək hasilat imkanlarının artırılmasıdır.
Yeri gəlmişkən qeyd edim ki, işlərin qismən tamamlandığı Kəlbəcər, Göygöl və Daşkəsən rayonları ərazisində artıq müsbət nəticələr qeydə alınıb. Qeyd edilən bölgələrdə yeni perspektiv sahələr aşkarlanıb və təfərrüatlar barədə ictimaiyyətə geniş məlumat veriləcək. Tədqiqat və qiymətləndirmələr 2027-ci ilin sonuna qədər yekunlaşacaq. Yekunda tədqiqatı aparılmış ərazilərin faydalı qazıntı potensialının əks olunduğu vahid xəritə hazırlanacaq. Bu tədqiqatlar gələcəkdə yeni mədən layihələrinin həyata keçirilməsinə şərait yaradacaq və ölkəyə yeni investisiyaların cəlbinə xidmət edəcək.
- “AzerGold”un növbəti onillik inkişaf strategiyasında hansı layihə əsas rol oynayacaq?
- Hazırda QSC-nin portfelində iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyan bir neçə irimiqyaslı layihə var. Bu layihələr təkcə şirkətin deyil, bütövlükdə ölkənin, hətta mən deyərdim regional miqyasda dağ-mədən sənayesinin uzunmüddətli inkişafına xidmət edəcək strateji aktivlərdir.
İlk növbədə qısa və ortamüddətli dövr üzrə planlaşdırdığımız yeni layihə olan, Kəlbəcər rayonunda yerləşən Söyüdlü (Zod) qızıl yatağından bəhs etmək istərdim. Bu yataq Qafqazın ən böyük və geoloji baxımdan ən zəngin qızıl ehtiyatlarından biri kimi dağ-mədən sənayesinin uzunmüddətli inkişaf strategiyasında mühüm rol oynaya bilər. İşğal dövründə qanunsuz hasilata məruz qalmasına baxmayaraq, yatağın qalıq ehtiyatları şirkətin ehtiyat bazasının əhəmiyyətli dərəcədə genişlənməsinə xidmət edəcək strateji layihə kimi qiymətləndirilir.
Söyüdlü qızıl yatağında ötən ilin avqust ayından etibarən genişmiqyaslı geoloji tədqiqat işlərinə başlamışıq, mövcud tarixi geoloji məlumatlar tərəfimizdən təhlil olunub. Eyni zamanda, yatağın müasir metodlarla planlaşdırılması həyata keçirilib, topoqrafik xəritələr hazırlanıb, yataqda ümumi dərinliyi 9 min metrə çatan buruq-qazma işləri icra edilib. Çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb. Hazırda yatağın resurs bazasının artırılması potensialı nəzərə alınaraq yaxın və uzaq cinahlarda intensiv kəşfiyyat işləri davam etdirilir. Paralel olaraq Söyüdlü qızıl yatağının istismara verilməsi istiqamətində intensiv hazırlıq işləri görülür.
Sualınıza cavab olaraq QSC-nin strateji inkişafını təmin edəcək layihələr sırasında Balakən rayonunda yerləşən Filizçay polimetal yatağını xüsusi qeyd etmək istərdim. Resurslarının həcminə görə Filizçay Avropanın ən iri yataqlarından biri hesab edilir və dünya miqyasında polimetal yataqları arasında ilk onluqda qərarlaşıb. Mövcud qiymətləndirmələrə əsasən, yataqda 2,4 milyon ton sink, 787 min ton qurğuşun, 311 min ton mis, 688 min unsiya qızıl və 91 milyon unsiya gümüş ehtiyatı mövcuddur.
Bir məsələni vurğulamaq istərdim ki, sözügedən yataq böyük olduğu qədər də mürəkkəbdir. Filizçay polimetal yatağında aparılmış metallurji testlər filizin kifayət qədər mürəkkəb mineraloji xüsusiyyətlərə, eləcə də sərt süxur bazasına malik olduğunu göstərib. Bu o deməkdir ki, biz səmərəliliyi təmin etmək üçün bir zavodun qurulması ilə ən azı üç əlvan metalın istehsalını təmin etməliyik. Layihə ilə bağlı uzun müddət beynəlxalq laboratoriyaların və məsləhətçi şirkətlərin iştirakı ilə kompleks tədqiqatlar apardıq. Nəhayət, yataqda ultra-incə üyütmə metodu ilə satıla bilən mis və sink konsentratlarının əldə edilməsi metodologiyasının tətbiqi uyğun hesab edildi. 2027-ci ilin əvvəlində Balakəndə üç əlvan metalın - sink, mis və qurğuşunun - əldə edilməsi və çıxım göstəricilərinin artırılması məqsədilə pilot layihə formatında sınaq-təcrübə zavodunun - Emal və Tədqiqat Mərkəzinin tikintisinə qərar verilib. Hesab edirəm ki, Filizçay layihəsi gələcəkdə həm ölkəmizin dağ-mədən sənayesinin inkişafı, həm də dünya bazarlarında strateji əhəmiyyəti artan kritik minerallara regional səviyyədə tələbatın ödənilməsi baxımından mühüm rol oynaya bilər. Layihənin tam icrası ilə bölgədə 2000 nəfərlik daimi iş yerinin açılması nəzərdə tutulur.
Növbəti irimiqyaslı strateji layihəmiz Naxçıvan Muxtar Respublikasında icra edilməkdədir. Culfa rayonunun inzibati ərazisində yerləşən Ortakənd qızıl yatağı müsbət perspektiv vəd edir. Uzunmüddətli geoloji tədqiqatların nəticəsində JORC standartlarına uyğun olaraq yatağın 424 min unsiya qızıl ehtiyatı təsdiq olunaraq Dövlət Balansına qəbul edilib.
Bu bölgədə fəaliyyəti iqtisadi baxımdan daha səmərəli edən amillərdən biri də eyni rayonun hüdudlarında yerləşən Başkənd mis və Göydağ mis-porfir sahələrində metal ehtiyatlarının müəyyən olunmasıdır. Hazırda hər iki yataq ilkin kəşfiyyat mərhələsindədir, texniki-iqtisadi qiymətləndirmə və əlavə geoloji tədqiqatlar davam etdirilir. Qeyd olunan yataqlar üzrə hesablanmış mis ehtiyatları ümumilikdə 173 min tona yaxındır.
Yataqların bir-birinə yaxınlığı nəzərə alınaraq layihələrin daha səmərəli icrası və kapital xərclərinə qənaət məqsədilə emal prosesinin ÇİRES təcrübəsinə uyğun mərkəzləşdirilmiş klaster modeli əsasında təşkili imkanlarına baxılır. Bu yanaşmanın tətbiqi ilə Naxçıvanda dağ-mədən sənayesinin davamlı inkişafı təmin ediləcək, regiona yüz milyonlarla manat dəyərində investisiya cəlb olunacaq, 1000-dən çox yeni iş yeri yaradılacaq və dövlət büdcəsinə valyuta daxilolmaları əhəmiyyətli dərəcədə artacaq.
- Zakir müəllim, “AzerGold”un beynəlxalq fəaliyyətinin genişləndirilməsi ilə bağlı hansı planlar mövcuddur?
- Beynəlxalq fəaliyyətin genişləndirilməsi QSC-nin qarşıdakı dövr üçün əsas strateji hədəflərindən biridir. Məqsədimiz yalnız ölkə daxilində deyil, xarici ölkələrdə də perspektivli mədən layihələrində iştirak etmək və beynəlxalq tərəfdaşlıqları genişləndirməkdir. Bu istiqamətdə son illərdə müxtəlif ölkələrlə əməkdaşlıq imkanları araşdırılıb, yeni tərəfdaşlıqların qurulması üçün mühüm addımlar atılıb. Xüsusilə mineral resurslarla zəngin Mərkəzi Asiya və Afrika regionları bizim üçün prioritet təşkil edir.
Ötən ay “AzerGold” QSC ilə Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Özbəkistan ərazisində qızıl yatağının birgə işlənilməsinə dair çərçivə sazişinin imzalanması xüsusi əhəmiyyət daşıyır. Hesab edirik ki, bu sənəd şirkətimizin beynəlxalq fəaliyyətinin genişləndirilməsi istiqamətində atılmış ilk mühüm addımdır. Bizim ilk beynəlxalq layihəmizin qardaş Özbəkistanla həyata keçirilməsi isə xüsusilə sevindirici haldır. Hazırda əsas diqqətimiz geoloji məlumatların qiymətləndirilməsinə və layihələrin perspektivinin müəyyənləşdirilməsinə yönəlib. Yaxın zamanda “AzerGold” QSC, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti və “Uzbekgeologorazvedka” ASC arasında Özbəkistanda perspektivli yer təki sahələrinin geoloji öyrənilməsi və qiymətləndirilməsi üzrə üç tərəfli birgə müəssisənin yaradılmasının əsas şərtlərini müəyyən edən sənədin imzalanması da nəzərdə tutulur. İnanırıq ki, bu əməkdaşlıq gələcəkdə xarici ölkələrdə uğurlu layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq.
- “AzerGold”un fəaliyyətinin vacib istiqamətlərindən biri də qiymətli metalların daxili bazarda pərakəndə satışıdır. Bu gün şirkətin qızıl və gümüş məhsullarının bazarda mövqeyi barədə hansı qiymətləndirməni vermək olar? Sizcə, bu məhsullar istehlakçıların etimadını qazana və rəqabət mühitində öz layiqli yerini tuta bilibmi?
- Bəli, artıq əminliklə deyə bilərik ki, “AzerGold”un pərakəndə bazara təqdim etdiyi məhsullar son illər ərzində öz alıcı auditoriyasını formalaşdırıb və bazarda layiqli mövqe qazanıb. Bunu həm satış göstəriciləri, həm də istehlakçıların məhsullarımıza göstərdiyi davamlı maraq təsdiqləyir.
“AzerGold” məhsulları beynəlxalq standartlara uyğun orijinal tərtibatda istehsalı, zəmanətli mənşəyi və etibarlılığı ilə seçilir. İnvestisiya məqsədli qızıl və gümüş məhsullarına marağın artdığı bir dövrdə vətəndaşlara etibarlı və əlçatan alternativ təqdim edirik. Əslində, 7 il əvvəl yerli qızıl və gümüşdən hazırlanan sikkə və külçələri daxili pərakəndə bazara təqdim edərkən əsas məqsədimiz “Made in Azerbaijan” brendi ilə qiymətli metal məhsulları vasitəsilə ölkəmizin tarixini, mədəniyyətini və milli dəyərlərini tanıtmaq idi. Sevindirici haldır ki, bu təşəbbüs alıcılar tərəfindən böyük maraqla qarşılandı və zamanla təbliğatyönümlü bir layihə şirkət üçün əlavə gəlir mənbəyinə çevrildi. Artan tələbatın nəticəsi olaraq 2021-ci ildə ilk Satış və Mübadilə Mərkəzi fəaliyyətə başladı. Pərakəndə satışa başladığımız dövrdən bu günədək 50 min ədədədək qızıl-gümüş sikkə və qızıl külçələrin satışından ümumilikdə 116 milyon manatdan çox gəlir əldə olunub.
Hazırda məhsul portfelimizə 1 qramdan 1 kiloqramadək qızıl külçələr, 250, 500 və 1000 qramlıq gümüş külçələr, eləcə də müxtəlif çəkilərdə qızıl və gümüş sikkələr daxildir. Bu günədək müxtəlif mövzularda 14 qızıl və 11 gümüş olmaqla ümumilikdə 25 kolleksiya nümunəsini istehsal etmişik.
Kolleksiyalarımız arasında mədəni irsimizə həsr edilmiş qızıl sikkələri xüsusi yer tutur və ən çox tələbatlı məhsullar hesab edilir. Hətta mən deyərdim bəzi limitli kolleksiyalar proqnozlaşdırılandan da daha erkən satılır. Bəzən müştəri tələbatını qarşılamaqda çətinlik çəkirik. Belə bir atalar sözü var: “Əgər söz gümüşdürsə, sükut qızıldır”. Son dövrlər isə gümüş də öz sözünü deməyə başlayıb. Gümüşdən istehsal etdiyimiz məhsullara maraq artıb və bu, məhsulların satış imkanlarının genişlənməsinə və alıcılıq qabiliyyətinin artmasına də müsbət təsir göstərir. Xüsusilə “Smartminting” metodu ilə hazırlanmış “Nadir fauna növləri”, “Bakı” və “Əcəmi irsi - Naxçıvan” gümüş sikkə kolleksiyalarını misal göstərmək olar.
“Smartminting” texnologiyası əsasında Asiya regionunda ilk dəfə hazırlanmış sikkə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr etdiyimiz “100 il və onun fövqündə bir irs” qızıl sikkəsidir. Numizmatika sahəsində mühüm yenilik olan bu texnologiya mürəkkəb və yüksək relyefli dizaynların üçölçülü formatda sikkələr üzərində əks olunmasına imkan yaradır. Hazırda bu texnologiya əsasında hazırlanmış 6 gümüş məhsulu satışdadır. Cari ilin sonunadək məhsul portfelinin daha bir neçə yeni məhsulla genişləndirilməsi planlaşdırılır.
- Qeyd etdiniz ki, “AzerGold”un fəaliyyəti yalnız hasilat və satış uğurları ilə məhdudlaşmır. Şirkət ,eyni zamanda, fəaliyyət göstərdiyi regionlarda sosial məsuliyyət prinsiplərinə xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən layihələr barədə nə deyə bilərsiniz?
- Çox doğru qeyd etdiniz ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır və bu istiqamətdə dövlətimizin həyata keçirdiyi sosial siyasətə töhfə verməyə çalışır. Bu sahədə qəbul etdiyimiz sosial təsir və məsuliyyət siyasətinə uyğun olaraq yerli icmaların hərtərəfli dəstəklənməsi, o cümlədən məşğulluq, aqrar inkişaf, təhsil, səhiyyə, idman, mədəni irsin qorunması və kiçik sahibkarlığın inkişafı istiqamətlərində ardıcıl və sistemli layihələr həyata keçiririk. Bu günədək həmin istiqamətlər üzrə 100-dən çox sosial məsuliyyət layihəsi icra olunub. Həyata keçirdiyimiz layihələr sırasında Heydər Əliyev Fondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə Daşkəsən rayonunun ucqar Quşçu qəsəbəsində modul tipli yeni məktəb binasının inşasını, Gəncə Regional Autizm Mərkəzinin yaradılmasını, 10 minə yaxın ödənişsiz tibbi xidməti əhatə edən səyyar müayinə aksiyalarını, eləcə də 66 fermerə aqrar fəaliyyətlərinin inkişafı istiqamətində göstərilən dəstəyi xüsusi qeyd edə bilərəm.
Bununla yanaşı, yerli icmalarla davamlı əlaqələrin qurulması və sosial həmrəyliyin gücləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici və sosial aksiyaların təşkili, eləcə də uşaq və gənclərin inkişafına yönəlmiş tədbirlərin keçirilməsi artıq ənənə halını alıb.
Bunlar fəaliyyət göstərdiyimiz bölgələrdə yerli icmalarla qarşılıqlı etimadın möhkəmləndirilməsinə, sosial rifahın yüksəldilməsinə və dayanıqlı inkişafın dəstəklənməsinə xidmət edir. Bu istiqamətdə görülən işlərin həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən yüksək qiymətləndirilməsi və müxtəlif mükafatlara layiq görülməyimiz bizi daha da təşviq edir.
- Ekoloji məsuliyyət məsələləri “AzerGold”un fəaliyyətində hansı yer tutur?
- Mədən sənayesində ətraf mühitin mühafizəsi xüsusi əhəmiyyət daşıyır. Buna görə də fəaliyyətimizin bütün mərhələlərində ekoloji təhlükəsizlik tələblərinə ciddi riayət edilir. Bizim yanaşmamız ondan ibarətdir ki, mədən sənayesinin inkişafı ilə ətraf mühitin qorunması arasında seçim deyil, bu iki istiqamət arasında dayanıqlı balans təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, “ESG” (ekoloji, sosial və korporativ idarəetmə) prinsipləri QSC-nin idarəetmə modelinin əsas sütunlarından birini təşkil edir. Ətraf mühitin mühafizəsi bizim üçün yalnız qanunvericilik tələbi deyil, eyni zamanda, korporativ məsuliyyət məsələsidir. Biz mədən fəaliyyətinin ətraf mühitə təsirini minimuma endirmək məqsədilə bütün layihələri yerli və beynəlxalq qabaqcıl təcrübə əsasında həyata keçiririk. Ekoloji monitorinq proqramına uyğun olaraq hasilat ərazilərində mütəmadi olaraq toz, su və səs ölçmələri aparılır, istehsalat nəticəsində yaranan tullantılar isə mümkün qədər təkrar emala yönəldilir.
Fəxrlə qeyd edim ki, “AzerGold” Azərbaycanda rekultivasiya tədbirləri həyata keçirən ilk dağ-mədən şirkətidir. Artıq istismarı başa çatmış “Ağyoxuş-1” layihəsində, eləcə də ÇİRES-də boş süxur anbarının bir hissəsində bioloji rekultivasiya işləri aparılıb, torpaq qatı bərpa olunub və yamacların bərkidilməsi həyata keçirilib. Ərazidə yaşıl zolaqlar salınıb və bu işlər davam etdirilir. Əlavə olaraq yaşıllaşdırma təşəbbüsləri çərçivəsində 19 minə yaxın ağac əkilib. 10 illik yubiley çərçivəsində isə Daşkəsən və Göygöl rayonlarında əlavə 10 min ağacın əkilməsi nəzərdə tutulur.
- İnsan kapitalının inkişafı sahəsində hansı işlər görülüb?
- İnsan kapitalının inkişafı “AzerGold” QSC-nin fəaliyyətinin əsas prioritetlərindən biridir. Şirkətdə hər zaman əməl etdiyimiz bir prinsip var: ən dəyərli resursumuz insanlardır. İnanırıq ki, hər bir uğurun təməlində peşəkar komanda dayanır. Məhz buna görə də fəaliyyətimizin ilk günündən etibarən əməkdaşlarımızın inkişafına, bilik və bacarıqlarının artırılmasına, müasir texnologiyaların mənimsənilməsinə xüsusi önəm vermişik.
Şirkətin fəaliyyəti nəticəsində ümumilikdə 2640 nəfər daimi işlə təmin olunub, xüsusilə ucqar kəndləri təmsil edən yerli mədənçi kadrların hazırlanması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib. Hazırda şirkət və onun törəmə müəssisələrində çalışan əməkdaşların təxminən 80 faizi regionların, xüsusilə Gəncə-Daşkəsən iqtisadi rayonunun, xüsusilə də ucqar yaşayış məntəqələrinin sakinləridir. Bu gün orta aylıq əməkhaqqı göstəricilərinə görə Daşkəsən rayonu Bakı və Xankəndi şəhərlərindən sonra ölkədə 3-cü yerdə qərarlaşıb. Eyni zamanda, işə qəbul prosesində şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına xüsusi həssaslıq göstərilir və onların məşğulluğa cəlb edilməsi əsas prioritetlərimizdən biridir.
Bir məsələni xüsusilə diqqətinizə çatdırmaq istərdim. Qarşıdakı illərdə həyata keçirilməsi nəzərdə tutulan irimiqyaslı layihələr nəticəsində 2030-cu ilədək böyük əksəriyyəti regionların sakinləri olmaqla ümumilikdə 10 min nəfərədək vətəndaşın məşğulluğunun təmin ediləcəyi proqnozlaşdırılır.
Gənclərin, xüsusilə regionlarda yaşayan tələbələrin dağ-mədən sənayesinə marağının artırılması, ixtisas biliklərinin inkişafı məqsədilə 9 yerli təhsil müəssisəsi ilə əməkdaşlıq edirik. Ali və peşə təhsili müəssisələri ilə birgə həyata keçirdiyimiz təcrübə və inkişaf proqramları tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirməyə, onları istehsalat mühiti ilə yaxından tanış etməyə və gələcək karyeralarına dəstək olmağa xidmət edir.
Artıq beşinci ildir ki, həyata keçirilən Təqaüd Proqramı çərçivəsində dağ-mədən, geologiya, metallurgiya və digər əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələrə maliyyə dəstəyi, mentorluq və istehsalat təcrübəsi təqdim olunur. Bu günədək proqram üzrə 47 ali təhsil, 52 peşə təhsili üzrə tələbə qalib seçilib, onlardan 13-ü hazırda “AzerGold”da çalışır. Bununla yanaşı, “Gələcəyin Mədənçisi” proqramı vasitəsilə məktəblilər arasında dağ-mədən sənayesinə marağın artırılması və gələcək peşə seçiminə dəstək göstərilir.
- Yubiley münasibətilə şirkətin kollektivinə və tərəfdaşlarına nə demək istərdiniz?
- “AzerGold” QSC-nin 10 illik yubileyi münasibətilə bütün əməkdaşlarımızı, tərəfdaşlarımızı və fəaliyyətimizə dəstək göstərən bütün qurumları səmimi-qəlbdən təbrik edirəm. Ötən 10 ilin uğurları məhz dövlətimizin göstərdiyi yüksək etimadın və kollektiv əməyin, peşəkarlığın nəticəsidir. Əminəm ki, bundan sonra da “AzerGold” Azərbaycanın iqtisadi inkişafına, milli sərvətlərimizin səmərəli idarə olunmasına və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verməyə davam edəcək. Bir daha həmkarlarımı yubiley münasibətilə təbrik edir, hər kəsə yeni uğurlar arzulayıram. Müsahibəyə görə təşəkkür edirəm. AZƏRTAC vasitəsilə bütün oxuculara ən xoş arzularımı çatdırıram.
















