“AzerGold” QSC-nin yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

10.05.2024

09:00

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yerli qızıldan ən yüksək keyfiyyət hesab edilən 999.9 əyarda istehsal edilmiş yeni qızıl sikkə nümunəsini təqdim edib. Yeni sikkə Azərbaycanın unudulmaz tarixi şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını əks etdirən, onun zəngin mənəvi irsini yaşadan, xeyirxah və nəcib təşəbbüsləri ilə ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verən Heydər Əliyev Fondunun yaradılmasının 20-ci ildönümünə həsr olunub.

Heydər Əliyev Fondunun zəngin və çoxşaxəli fəaliyyətini tərənnüm edən sikkənin üzərində Fondun loqosu təsvir olunub. Loqonu haşiyəyə alan, günəşin şəfəqlərini xatırladan həndəsi xətt və fiqurlar həyatı, işığı, həmçinin zamanı ifadə edir. Dizayn elementləri Heydər Əliyev Fondunu humanizm, mərhəmət simvolu kimi xarakterizə edir. Təsvir sikkənin yuxarı və aşağı hissəsində yubileyi ifadə edən “20” ədədi ilə tamamlanır.

20 qramlıq çəkidə istehsal edilmiş yeni qızıl sikkələr “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən etibarən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. “AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi keçmişi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi və sərfəli investisiya alətidir.