“Böyük Qayıdış” proqramı çərçivəsində işəgötürənlərlə görüş keçirilib
18.09.2024
10:08
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "AzerGold" QSC və "Azerbaijan International Mining Company" şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev, “Azerbaijan International Mining Company” şirkətinin vitse-prezidenti İlham Xəlilov və başqaları iştirak ediblər.
Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə məşğulluğun təminatı istiqamətində Agentliyin “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Vakansiya bankından aktiv istifadə, azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı dəstək mexanizmləri və güzəştlərin tətbiqi barədə məlumatlar da diqqətə çatdırılıb. Həmin ərazilərdə məşğulluğun təminatı üçün işəgötürənlərlə fəal əməkdaşlığın xüsusi önəm daşıdığı vurğulanıb, bu sahədə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.