“Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti arasında imzalanmış birgə müəssisə müqaviləsinə dair brifinq keçirilib
23.09.2025
18:00
Brifinqdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “AzerGold” QSC-nin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Fonte GreenMet Investments Fund OEIC Limited”in daxil olduğu “Fonte Capital Ltd” investisiya şirkətinin Baş direktoru Yerjan Musin çıxış ediblər. Brifinqdə Daşkəsən dəmir filizi yataqlarının işlənməsi layihəsi, onun iqtisadi əhəmiyyəti, ölkəmizdə ilk dəfə qurulacaq isti briketlənmiş dəmir zavodu və gələcək planlar haqqında ətraflı məlumat verilib.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov:
Dəyərli media nümayəndələri, əziz həmkarlar, hər birinizi salamlayır, brifinqdə iştirakınız üçün təşəkkür edirəm.
İlk növbədə qeyd etmək istərdim ki, ölkə başçısı, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar, xüsusilə də qeyri-neft sənayesinin inkişafına yönəlmiş dövlət proqramları Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün yeni imkanlar açır. Bu müsbət meyillər ölkənin aparıcı mədən şirkəti kimi bizim qarşımıza da böyük hədəflər qoyur.
2016-cı ildən əlvan metal filizi yataqlarının işlənməsi, idarəolunması və bu sahənin inkişafı ilə bağlı aktiv fəaliyyət göstərən “AzerGold” QSC-yə 2020-ci ildən qara metal filizi yataqları ilə bağlı vəzifələr həvalə edilib. “AzerGold” tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə, törəmə şirkət qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib. “Daşkəsən Dəmir Filiz” MMC dəmir filizi yataqlarının istismara verilməsi, beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və müasir texnologiyalarla səmərəli idarə edilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirməkdədir.
İlk növbədə qeyd edim ki, Daşkəsən dəmir filizi yataqlarının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Bununla belə, yataqlardakı filizlərin dəmir tərkibinin ortalama 40%-ə yaxın təşkil etməsi, üstəlik filizlərin yerin daha dərin qatlarında yerləşməsi, eləcə də ölkəmizin beynəlxalq sulara birbaşa çıxışının olmaması layihənin əməliyyat və logistika xərclərinin ciddi şəkildə artmasına səbəb olur. Bu amillər isə öz növbəsində, əlavə dəyər qazandıran məhsulların istehsalı zərurətini ortaya çıxarır. Bütün bunları nəzərə alaraq, layihənin effektiv icrasını təmin etmək məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərin iştirakı ilə optimal texnoloji həll yolu müəyyən edildi. Bu yanaşma, üç mərhələli istehsal zəncirini - > 67% dəmir tərkibli daha keyfiyyətli konsentratın, pellet və isti briketlənmiş dəmirin (İBD) istehsalını əhatə edir.
Sözügedən dəyər zəncirinin qurulması üçün tələb olunan təqribi investisiya həcmi 1,2 milyard ABŞ dolları təşkil edir. Layihənin icrası paralel şəkildə iki əsas hissədən ibarət olaraq nəzərdə tutulur:
1-ci hissə: Zənginləşdirmə və pellet istehsalı
Həyata keçirilmiş ilkin qiymətləndirmə çərçivəsində aparılan geoloji tədqiqatlar nəticəsində yataqlar üzrə 70 milyon ton artım qeydə alınıb, ümumilikdə isə yerin təkində 187,3 milyon ton dəmir filizi ehtiyatı təsdiqlənib. Bu həcm potensial olaraq gələcəkdə yataqların 15 il əlavə istismarı deməkdir. Hazırda bu mərhələ üzrə yekun bank təyinatlı Texniki-İqtisadi Qiymətləndirmə prosesi həyata keçirilir. Proses çərçivəsində geoloji, metallurji, texniki və iqtisadi təhlillər tamamlandıqdan sonra, layihənin bu hissəsi üzrə tikinti-quruculuq işlərinə başlanılacaq.
2-ci hissə: İBD zavodunun yaradılması
Layihənin ikinci mərhələsi illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun qurulmasını əhatə edir. Bu mərhələ layihənin əsas kapital yüklü komponentidir. Ümumi investisiya dəyəri təqribən 700 milyon ABŞ dolları təşkil edir. Məhz bu mərhələnin icrası məqsədilə Qazaxıstanın investisiya şirkəti “Fonte GreenMet Investments Fund” ilə strateji əməkdaşlıq qurulub. Bu əməkdaşlığın nəticəsi olaraq, “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund” tərəfindən birgə müəssisə - “Azerbaijan Metal Company” MMC təsis edilib.
Bu təşəbbüs, ölkəmizdə ilk dəfə olaraq birbaşa reduksiya texnologiyası əsasında irihəcmli istehsalat kompleksinin yaradılmasına imkan verəcək. Azərbaycanın sənaye və mədən sektorunun inkişafına, ixrac potensialının artırılmasına, həmçinin müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin yerli istehsalata inteqrasiyasına xidmət edəcək. Strateji layihə ölkəmizin ÜDM-nə ildə təxminən 694 milyon ABŞ dolları həcmində töhfə verəcək, regionda məşğulluğu böyük ölçüdə artıraraq, 1600 nəfərə qədər yerli mütəxəssisin işlə təminatına imkan yaradacaq.
Daşkəsən dəmir filizi layihəsinin hər iki mərhələsinin kompleks şəkildə icrası regiona daha böyük sosial-iqtisadi dividendlər qazandıracaq. Birbaşa və dolayı təsirlər nəticəsində təxminən 4000 iş yerinin yaradılmasına imkan yaratmaqla, əməliyyatlara başlanıldıqdan sonrakı dövr ərzində ölkə üzrə ÜDM-yə təqdribən 13 milyard ABŞ dolları həcmində töhfə verəcək.
Bu investisiya təkcə sənaye və mədən sahələrinin inkişafını stimullaşdırmaqla kifayətlənməyəcək, eyni zamanda regionda logistika, xidmət və infrastruktur sahələrində əlavə canlanma yaradacaq. Bu yanaşma, ixracyönümlü məhsul istehsalına və ölkəmizin polad sənayesinin xammal təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək. Mərhələli şəkildə həyata keçiriləcək bu proses genişmiqyaslı sənaye sinerjisi yaradacaq, yerli və regional bazarlar üçün rəqabətqabiliyyətli məhsul istehsalı təmin olunacaq.
Yeni təsis edilmiş “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi barədə müqavilənin bu gün məhz burada imzalanması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında təşkil edilən Beynəlxalq İnvestisiya Forumunun əsas nəticələrindən biridir. Yüksək təşkilatçılıq və investisiya imkanlarının tanıdılması və yeni iqtisadi əməkdaşlıqların qurulması üçün yaradılan əlverişli şəraitə görə İqtisadiyyat Nazirliyinə və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə təşəkkür edirəm. Əminəm ki, bu əməkdaşlıq iki dost və tərəfdaş ölkə - Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcək.
Mən sonda bir daha tərəfləri ürəkdən təbrik edirəm. Ölkə iqtisadiyyatının inkişafı naminə çıxdığımız bu yolda davamlı uğurlar arzu edirəm!
“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru
Ceyhun Əliyev:
Hörmətli Zakir müəllim, əhatəli çıxışınıza görə təşəkkür edirəm! Dəyərli media nümayəndələri, əziz həmkarlar, bugünkü tədbir ölkəmizin metallurgiya sənayesi üçün əlamətdar hadisədir. Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti ilə imzaladığımız müqavilə çərçivəsində illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir zavodunun layihələndirilməsi, maliyyələşdirilməsi, qurulması və idarə edilməsi təmin olunacaq.
Zavod Şəmkir iqtisadi rayonunda inşa ediləcək. Zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır. İstehsal prosesində müasir texnologiyalar, ekoloji baxımdan təhlükəsiz və dayanıqlı üsullar tətbiq olunacaq. Bizim üçün prioritet yalnız iqtisadi töhfə deyil, həm də ekoloji məsuliyyətdir: ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi və müasir, təhlükəsiz texnologiyaların tətbiqi DDF-in əsas iş prinsiplərindəndir.
Qeyd edim ki, HBI zavodunun birbaşa reduksiya texnologiyası əsasında fəaliyyət göstərməsi planlaşdırılır. Bu texnologiya – ənənəvi domna sobalarından fərqli olaraq karbon emissiyalarının 60%-dək azaldılmasını mümkün edir. Belə ki, kömürdən istifadə edilən domna sobaları ilə müqayisədə burada təbii qazdan istifadə edilir. Həmçinin, bu növ zavodlar gələcəkdə sıfır karbon emissiyasına nail olmaq üçün, istehsalatda təbii qaz əvəzinə hidrojenə keçid etməyə imkan yaradır. Bu səbəbdən, sözügedən texnologiya müasir dövrün tendensiyaları ilə tam ayaqlaşır.
Bu strateji əməkdaşlıq Azərbaycan–Qazaxıstan münasibətlərinin metallurji sənaye sahəsində yeni səhifəsidir. Bu addım yalnız iki ölkə arasında təkcə iqtisadi bağları gücləndirmir, həm də regionun metallurgiya və mədən sənayesinə yeni nəfəs gətirir. “Daşkəsən Dəmir Filiz” MMC adından bildirirəm ki, biz bu layihəni ən yüksək standartlarla həyata keçirmək, Azərbaycanın sənaye gücünü və ixrac potensialını daha da artırmaq əzmindəyik.
Bu yolda bizə dəstək olan ölkə rəhbərliyinə, İqtisadiyyat Nazirliyinə, tərəfdaşlarımıza və bütün həmkarlarımıza dərin təşəkkürümü bildirirəm.
“Fonte GreenMet Investments Fund OEIC Limited” şirkətinin
Baş direktoru Erjan Mussin:
Hörmətli media nümayəndələri, əziz həmkarlar, hər birinizi salamlayıram. İlk növbədə, Qazaxıstan ilə dərin tarixi və mədəni bağlara malik olan dost və qardaş Azərbaycanla birgə investisiya layihəsi həyata keçirməkdən böyük məmnuniyyət duyduğumu bildirmək istəyirəm.
“Daşkəsən Dəmir Filiz” MMC ilə tərəfdaşlıq çərçivəsində birgə idarəetməsini həyata keçirəcəyimiz “Azerbaijan Metal Company” MMC şirkətinin, “Fonte GreenMet Fund OEIC Limited” şirkəti tərəfindən ölkə xaricində reallaşdırılan investisiya layihələri arasında xüsusi strateji əhəmiyyətə malik olacağına və portfelimizdə mühüm yer tutacağına əminəm.
Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də elmi-texniki biliklərin mübadiləsi, müasir texnologiyaların tətbiqi və innovasiya əsaslı istehsalatın təşkili baxımından böyük perspektivlər açır. Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan regionda yüksək əlavə dəyər yaradan metallurgiya məhsullarının istehsalçısına çevriləcək, bu isə bütövlükdə Qafqaz regionunun sənaye xəritəsində yeni bir səhifə açacaq.
Eyni zamanda qeyd etmək istərdim ki, ölkəmizin davamlı iqtisadi islahatlara sadiqliyi, sabit investisiya mühiti, geostrateji mövqeyi və resurs potensialı, xarici investorlar üçün uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün son dərəcə cəlbedici imkanlar yaradır.
Biz “Fonte GreenMet” olaraq, bu əməkdaşlığı yalnız bir layihə çərçivəsində deyil, strateji tərəfdaşlıq platforması kimi görür və gələcəkdə digər sahələrdə də birlikdə çalışmaqda maraqlı olduğumuzu xüsusi vurğulamaq istəyirik.