Ekoloji təşəbbüs çərçivəsində Daşkəsən və Göygöl rayonlarında dekorativ dibçəklər quraşdırılıb
12.05.2026
16:23
“AzerGold” QSC istehsalat sahəsində istifadə olunmuş müxtəlif növ avtomobil şinlərinin təkrar emala yönəldilməsi məqsədilə ekoloji təşəbbüs həyata keçirib. Layihə çərçivəsində ümumilikdə 3 müxtəlif növdə 60 ədəd dekorativ dibçək kompozisiyası hazırlanıb.
Hazırlanan dibçəklərdə Daşkəsən və Göygöl rayonlarının iqlim şəraitinə uyğun dekorativ bitkilər və müxtəlif növ güllər əkilib. Məqsəd istehsalat prosesində yaranan tullantıların faydalı istifadəsini təmin etməklə yanaşı, ətraf mühitin mühafizəsinə töhfə vermək və ictimai ərazilərin estetik görünüşünü yaxşılaşdırmaqdır.
Layihə çərçivəsində istifadə müddətini başa vurmuş şinlər xüsusi dizayn yanaşması ilə yenidən işlənərək funksional və dekorativ məqsədlər üçün yararlı vəziyyətə gətirilib. Nəticədə həm tullantıların həcminin azaldılmasına, həm də yaşıllaşdırma işlərinin genişləndirilməsinə dəstək göstərilib.
“AzerGold” QSC bundan sonra da ekoloji davamlılıq, tullantıların idarə olunması və yaşıl təşəbbüslərin təşviqi istiqamətində layihələrin həyata keçirilməsini davam etdirəcək.





