Şəhid və müharibədə yaralananların ailə üzvləri üçün peşə təlimləri davam etdirilir

13.06.2025

11:30

“AzerGold” QSC tərəfindən “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində qənnadçı-şirniyyatçı peşəsi üzrə intensiv təlimlər davam etdirilir.

Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonlarından olan, sözügedən həssas əhali qrupuna aid 15 nəfər qadının iştirak etdiyi peşə təlimi proqramı şəhid və müharibədə yaralananların ailə üzvlərinin qayğı ilə əhatə olunması, onların sosial fəallığını artırmaqla iqtisadi müstəqilliyinin dəstəkləməsi məqsədi daşıyır.

Qeyd edək ki, layihə çərçivəsində iştirakçılara beynəlxalq dərəcəli qənnadçı ekspertlər tərəfindən nəzəri və praktiki təlimlər keçirilir. İki ay davam edəcək intensiv təlimlərdə bütün növ zəruri mal-material və avadanlıqlarla təmin edilən müdavimlərə müvafiq peşə sahəsi üzrə bilik və bacarıqlar aşılanır.

Təlim proqramları yekunlaşdıqdan sonra iştirakçılar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilin tanınması” imtahanında iştirak edərək, müvafiq peşə sertifikatı əldə edəcəklər.

Həmçinin layihənin yekunu olaraq təlim proqramlarına cəlb edilmiş tərəfdaş şirkətlər vasitəsilə müdavimlərin müvafiq sahədə işlə təminatına və ya fərdi sahibkarlıq fəaliyyətlərinin təşkilinə dəstək göstəriləcək.

Xatırladaq ki, həssas əhali qrupları “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət fəaliyyətində əsas hədəf kateqoriyalarından biri olaraq müəyyən edilib. Səhmdar Cəmiyyəti tərəfindən ardıcıl və sistemli şəkildə icra edilən sosialyönümlü layihələr həssas əhali qrupları da daxil olmaqla, yerli icmaların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə vermək məqsədi daşıyır.