Zakir İbrahimov “Gələcəyin mədənçisi” təhsil layihəsinin tələbə adını qazanmış iştirakçıları ilə görüşüb

10.09.2025

13:00

“AzerGold” QSC-də kadr hazırlığı və sosial məsuliyyət fəaliyyəti çərçivəsində icra edilən “Gələcəyin mədənçisi” layihəsinin tələbə adını qazanmış iştirakçıları ilə görüş keçirilib.

Hibrid formatda təşkil edilən görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, tələbə adını qazanmış layihə iştirakçıları, onların təmsil olunduqları orta təhsil məktəblərinin rəhbərləri, Daşkəsən rayonunun təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Zakir İbrahimov layihə iştirakçılarını təbrik edərək, təhsil həyatında davamlı uğurlar arzu edib, onların gələcəkdə dağ-mədən sahəsi üzrə ixtisaslı mütəxəssis kimi yetişməsi üçün Cəmiyyət tərəfindən bundan sonra da müvafiq dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.

Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dağ-mədən sənayesinin aparıcı sahələrdən birinə çevrildiyini qeyd edən Z.İbrahimov sürətli inkişafın geniş iqtisadi imkanlar yaratmaqla yanaşı, peşəkar kadrlara olan tələbatı da artırdığını bildirib. Şirkətin həyata keçirdiyi təhsil layihələrinin, təcrübə və təqaüd proqramlarının əsas hədəfinin bu ehtiyacın xüsusilə hasilat bölgələrində yaşayan sakinlərin hesabına ödənilməsinə töhfə vermək olduğu vurğulanıb.

2021-ci ildən bugünədək təhsil və təcrübə proqramlarını uğurla başa vuran 25 nəfərin artıq “AzerGold” QSC-nin peşəkar komandasına qoşulduğunu qeyd edən İdarə Heyətinin sədri bu göstəricinin reallaşdırılan layihələrin perspektivliyinin və effektivliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Görüşdə “Gələcəyin mədənçisi” layihəsi ilə yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə həyata keçirilmiş yeni modul tipli məktəb binasının inşası, eləcə də bölgədə təhsilin maddi-texniki bazasının gücləndirilməsinə yönəlmiş digər sosial layihələrin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb, gələcəkdə atılacaq addımlardan bəhs edilib.

Qeyd edək ki, “Gələcəyin mədənçisi” layihəsinin icrasına 2023-cü ildə başlanılıb. Daşkəsən rayonunda təhsil alan və layihədə iştirak etmək istəyən 10-cu sinif şagirdləri müvafiq test imtahanı və inşa yazısı müsabiqəsinə cəlb ediliblər. Növbəti mərhələdə daha məqbul qiymətlər alan 10 nəfər şagird metallurgiya, dağ-mədən mühəndisliyi və geologiya ixtisasları üzrə 20 aylıq ali məktəbə hazırlıq proqramına cəlb edilib. Layihəni uğurla başa vurmuş 8 şagirddən 4 nəfəri ali məktəbə qəbul imtahanlarının nəticələrinə uyğun olaraq tələbə adını qazanıb.