“AzerGold” “Açıq məlumatlar portalı”nda məlumatların yerləşdirilməsini təmin edib

27.03.2026

11:00

“AzerGold” QSC-yə dair açıq məlumat dəstləri “opendata.az” Açıq Məlumatlar Portalında yerləşdirilib.

Açıq məlumatlar hər kəs üçün əlçatan olan, sərbəst şəkildə istifadə və təkrar istifadə edilə bilən məlumatlardır. Portal ölkə üzrə açıq məlumatların vahid platformada toplanmasına və istifadəyə verilməsinə xidmət edir.

Açıq məlumatların vahid platformada təqdim edilməsi dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına, ictimaiyyətin məlumatlara çıxış imkanlarının genişləndirilməsinə, eləcə də dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə töhfə verir. Açıq məlumat dəstləri müvafiq qanunvericiliyin, o cümlədən “İnformasiya əldə etmək haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq təqdim edilir.

“Portalın “AzerGold” QSC-yə aid bölməsində Cəmiyyətin emal sahələri və mədən layihələri, statistik göstəriciləri, rəsmi şəxslərinin əlaqə məlumatları və qəbul günləri, eləcə də filialları və onların əlaqə məlumatlarına dair açıq məlumat dəstləri təqdim olunub.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən portala yeni məlumat dəstlərinin əlavə edilməsi və mövcud məlumatların mütəmadi olaraq yenilənməsi davam etdiriləcək.