“AzerGold” QSC-də Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

10.10.2026

12:00

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyo ilə görüşüb.

Görüşdə Azərbaycan və Kolumbiya arasında dağ-mədən sənayesi sahəsində əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi, investisiya tərəfdaşlığı, eləcə də Kolumbiyanın perspektivli mineral ehtiyatlarının öyrənilməsi və işlənməsində mümkün iştirak məsələləri müzakirə olunub.

Zakir İbrahimov “AzerGold” QSC-nin dağ-mədən sənayesinin bütün dəyər zənciri üzrə fəaliyyəti, geoloji kəşfiyyatdan hasilat və istehsaladək geniş təcrübəsi, həmçinin şirkətin beynəlxalq fəaliyyət coğrafiyasının genişləndirilməsi istiqamətində strateji hədəfləri barədə məlumat verib. Qeyd olunub ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi prioritetlərindən biridir. Bu baxımdan, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı sektorun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Səfir Kolumbiyada dağ-mədən sektorunun inkişafına xüsusi önəm verildiyini və bu sahəyə xarici investisiyaların cəlb edilməsində maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, Kolumbiyada müəyyənləşdirilmiş 31 strateji mədən sahəsindən 16-sı qızıl və mis ehtiyatlarının öyrənilməsi və işlənməsi baxımından perspektivli hesab olunur. Bu çərçivədə potensial layihələrin həyata keçirilməsi imkanları diqqətə çatdırılıb.

Görüşdə əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə tərəflər arasında müvafiq sahə mütəxəssislərinin iştirakı ilə ayrıca görüşün təşkili barədə razılıq əldə olunub. Həmin görüş çərçivəsində Kolumbiyanın mineral ehtiyatlarının öyrənilməsi və işlənməsi üzrə potensial layihələr, eləcə də qarşılıqlı maraq doğuran digər əməkdaşlıq imkanları nəzərdən keçiriləcək. Müzakirələrin nəticələrindən asılı olaraq, tərəflər arasında mümkün əməkdaşlığın perspektivləri qiymətləndiriləcək.