Qızıl torpaqların bağrından qopan filiz: Regionun ən böyük yatağından reportaj
19.08.2020
17:04
Balakən... Vətənimizin bu sehirli guşəsi kimi üçün gözəl təbiəti, kimi üçün əsrarəngiz havası, kimi üçün isə özünəməxsus mətbəxi ilə yaddaqalandır. Havası, suyu, təbiəti misilsiz olan bu diyar sözün həm obrazlı, həm müstəqim mənasında əlvan və qiymətlidir. Elə “Filizçay” kimi...
“Filizçay” yatağı regionun ən böyük polimetal yatağı hesab edilir. Sözügedən yataq Böyük Qafqaz sıra dağlarında, təqribən 1300 metr yüksəklikdə yerləşir. Sahə dərinliyə doğru 300 metrə kimi tədqiq olunub və hazırda kəşfiyyat işləri sürətlə davam etdirilir.
Azərbaycanın şimal-qərbində, Balakən rayonunda yerləşən “Filizçay” “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin ən irihəcmli layihəsidir. Bu yataq filiz ehtiyatlarının həcminə görə Avropanın ən böyük yataqlarından biri hesab edilir və dünya miqyasında polimetal yataqları arasında öncül yerlərdə qərarlaşıb. Yatağın böyük potensialı olsa da, onun işlənməsi çox mürəkkəb layihədir və ciddi tədqiqatlar tələb edir.
Məlumat üçün qeyd edək ki, polimetal yataqlar tərkibində bir neçə müxtəlif metal filizini ehtiva edən yataqlara deyilir. Bu tipli yataqlar böyük sənaye əhəmiyyətli olmaqla dağ-mədən sənayesinin vacib komponentlərindən hesab olunur. Hazırda yataqda sink, qızıl, gümüş, mis və qurğuşun kimi qiymətli və əlvan metalların xarici ekspertlər tərəfindən beynəlxalq standartlara əsasən təsdiqlənmiş həcmi 60 milyon ton filiz olaraq hesablanıb.
Beləliklə, dolayı yollar, dik yamaclarla çay yatağında yerləşən sahəyə - buruq-qazma işlərinin aparıldığı məkana baş çəkdik. Burada yatağın ehtiyatlarını artırmaq məqsədi ilə əlavə kəşfiyyat işləri aparılır. Cəmiyyətin Geoloji kəşfiyyat şöbəsinin kəşfiyyat işləri üzrə müdiri, layihə rəhbəri Samir Verdiyev deyir ki, cari ildə yataqda 14 min metr həcmində buruq-qazma işlərinin görülməsi planlaşdırılır:
“Buruq-qazma işləri zamanı çıxarılan kern nümunələri sənədləşdirilir və güman edilən filiz intervalları sınaqlaşdırıldıqdan sonra xarici laboratoriyaya analizə göndərilir. Analiz nəticələrinə əsasən müasir 3D proqram təminatlarından istifadə edilməklə yatağın ehtiyatları hesablanır. Paralel olaraq geotexniki, hidroloji, hidrogeoloji, seysmoloji tədqiqatlar və metallurji sınaqlar aparılır”.
“Hazırda “Filizçay” yatağında istismar öncəsi kəşfiyyat işləri aparılır. Yəni, istismara hazırlıq işləri gedir. İlin sonuna qədər qarşıya qoyulan planın icrası və işlərin sürətləndirilməsi üçün əlavə buruq-qazma aqreqatları işə cəlb edilib. Davam edən geoloji kəşfiyyat işləri fonunda yatağın ümumi filiz resurslarının 120 milyon tonadək çatdırılması gözlənilir”, deyə Samir Verdiyev bildirib.
Hər bir yatağın istismara verilməsi geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması və digər bu kimi bir neçə uzunmüddətli mərhələnin icrasını tələb edir. Layihədən asılı olaraq bilavasitə hasilat işlərinə başlamazdan öncə bu mərhələlərin icrasına orta hesabla 5-8 il vaxt tələb olunur. Bütün bunlar nəzərə alınaraq, “Filizçay” yatağının istismara verilməsi əvvəlcə 2027-ci ilə planlaşdırılsa da, Cəmiyyət tərəfindən görülən əlavə tədbirlər nəticəsində layihənin icrası optimallaşdırılıb. Tədqiqat işlərinin müsbət nəticələri təsdiqləndikdən sonra yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən iki il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq.
Bizə məlumat verildi ki, olduğumuz ərazidə ətraf mühitin ilkin vəziyyətinə dair beynəlxalq standart və qaydalara uyğun kompleks monitorinq işləri yekunlaşdırılıb. Üstəlik, “Filizçay” yatağının Zaqatala Dövlət Təbiət Qoruğunun yaxınlığında yerləşməsi nəzərə alınaraq, ətraf mühitə təsirin minimuma endirilməsi, ekosistemin qorunması üçün hasilat işlərinin şaxta üsulu ilə aparılması nəzərdə tutulub.
“Filizçay” yatağının 27 il nəzərdə tutulmuş istismar dövrü ərzində ölkə iqtisadiyyatına təqribən 10 milyard manat vəsaitin cəlb edilməsi, eləcə də dövlət büdcəsinə 1 milyard manat həcmində verginin ödənilməsi planlaşdırılır. Bundan əlavə, yatağın istismarı 1000-dən çox yeni iş yerinin açılması deməkdir. Yatağın istismarı yerləşdiyi bölgədə sosial-iqtisadi inkişafa öz əhəmiyyətli töhfəsini verməsi ilə yanaşı qiymətli, xüsusilə də əlvan metal istehsalının ÜDM-də payının artmasına zəmin yaradacaq.
İş prosesi ilə tanış olarkən aydın oldu ki, burada əməkdaşlar pandemiya dövründə müəyyən edilmiş qaydalara uyğun olaraq fəaliyyətlərini icra edirlər. Əsasən gənc mütəxəssislərdən ibarət heyət olduqca həvəsli və işgüzar təsir bağışlayır. Onlar əzmkarlıqla, yorulmadan qazma işlərini davam etdirirlər. Mən isə “Filizçay” yatağında gəzdikcə artıq addımladığım hər qarış torpaq, toxunduğum rəngarəng qaya parçaları başqa cür və daha fərqli görünürdü. Çünki burada ələ alınan hər ovuc torpaq sözün bütün mənalarında sərvətdir. Ölkəmizin sərvəti...
İlhamə Əbülfət
Mənbə: Oxu.az