"Filizçay" yatağı

1959-cu ildə kəşf edilmiş “Filizçay” polimetal yatağı Balakən rayonunun inzibati ərazisində yerləşir. Yataq regionun ən böyük polimetal yatağı və “AzerGold”un ən iri həcmli layihələrindən biridir. Bununla yanaşı, tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında öncül yerlərdə qərarlaşıb. Yataqda sink, gümüş, mis və qurğuşun kimi əlvan metallar mövcuddur. 2022-ci ildə Balakən rayonunda yerləşən və Cəmiyyətin ən irihəcmli və geoloji strukturuna görə ən mürəkkəb layihələrindən biri olan “Filizçay” polimetal yatağının yerin təkindəki resurslarının hesablanmış miqdarı artırılıb. Belə ki, yatağın Cəmiyyət tərəfindən istismara cəlb edilməsi prosesi çərçivəsində mineroloji tədqiqatların aparılması üçün filiz nümunələri Böyük Britaniyanın nüfuzlu “Petrolab” şirkətinin laboratoriyasında tədqiq edilib. “Filizçay”ın resursları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş beynəlxalq təsnifat sistemi olan JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq hesablanıb. Hesablamanın nəticəsi olaraq, 1983-cü ildə SSRİ dövründə dövlət balansına daxil edilmiş nəticələrlə müqayisədə 20% artım qeydə alınıb. Nəticədə “Filizçay” üzrə yerin təkindəki filiz resurslarının hesablanmış miqdarının 112.71 milyon ton olması təsdiqlənib.

Digər layihələr