“AzerGold” QSC-də 2020-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

02.02.2021

17:50

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ötənilki fəaliyyəti, 2020-ci ildə əldə olunan uğurlar və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən İdarə Heyətinin sədri Zakir İbrahimov “AzerGold”un pandemiya ilə əlaqədar ötən ildə yaşanan məhdudiyyətlər və çətinliklərə baxmayaraq 2020-ci ili də böyük nailiyyətlərlə başa vurduğunu diqqətə çatdırıb. Zakir İbrahimov Cəmiyyətin fəaliyyət sahələri üzrə işlərin plandan daha artıq və tam qrafik üzrə yerinə yetirildiyini, regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətinin ötən ildə də uğurla davam etdirildiyini vurğulayıb. “AzerGold”un ötən ili də mənfəətlə başa vurduğunu vurğulayan İdarə Heyətinin sədri 4 illik fəaliyyəti nəticəsində QSC-nin ölkəmizin qeyri-neft sektorunun liderlərindən birinə çevrildiyini qeyd edib.

İdarə Heyətinin sədri daha sonra qarşıda duran vəzifələrdən, icrası planlaşdırılan layihələrdən danışıb, istismarına hazırlıq görülən sahələrlə bağlı geniş məlumat verib. Bundan əlavə, mətbuat konfransında Cəmiyyətin sağlamlıq, əməyin təhlükəsizliyi, ekologiya siyasəti, korporativ sosial məsuliyyət və digər istiqamətlərdəki fəaliyyətindən geniş bəhs edilib, jurnalistləri maraqlandırılan suallar cavablandırılıb.