2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib

26.09.2026

11:39

25–26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya təşkil olunub.

Panel sessiyada Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal, “Technip Energies”, “Limak Holding”, “Green Spark” və “Kazakhstan Insulator Plant” şirkətlərinin rəhbər nümayəndələri iştirak ediblər.

Sessiyada kritik xammalın qlobal enerji keçidi, yüksək texnologiyalı sənaye və iqtisadi təhlükəsizlik baxımından artan strateji əhəmiyyəti, dayanıqlı təchizat və emal zəncirlərinin formalaşdırılması, beynəlxalq tərəfdaşlıq və investisiya imkanları müzakirə olunub.

Paneldə çıxış edən ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Azərbaycanın yanaşmasının uzunmüddətli əməkdaşlığa, resurslardan səmərəli istifadəyə və qarşılıqlı faydaya əsaslandığını bildirib. O qeyd edib ki, “Azərbaycan 2030” Milli Prioritetləri çərçivəsində dairəvi iqtisadiyyata əsaslanan biznes modellərinin inkişafı, dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi və mineral ehtiyatların səmərəli dövriyyəyə cəlb edilməsi əsas hədəflərdəndir. Nazir, həmçinin Kiçik Qafqaz, Naxçıvan və Balakən–Zaqatala bölgələrinin kritik mineral potensial baxımından əhəmiyyətini və layihələrdə ekoloji tələblərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov kritik mineralların artıq yalnız dağ-mədən sənayesinin deyil, qlobal iqtisadi təhlükəsizliyin də mühüm elementinə çevrildiyini bildirib. Onun sözlərinə görə, enerji keçidi, rəqəmsal texnologiyalar və süni intellektin inkişafı metallara tələbatı artırır, geosiyasi proseslər isə təchizat zəncirlərinin dayanıqlılığını daha da aktuallaşdırır.

Zakir İbrahimov qeyd edib ki, bu baxımdan əsas məsələ yalnız resursların mövcudluğu deyil, onların harada emal edilə bilməsi və dünya bazarlarına təhlükəsiz və etibarlı şəkildə çatdırılmasıdır. O, Azərbaycanın zəngin mineral resursları, enerji və sənaye infrastrukturu, eləcə də Mərkəzi Asiyanı Avropa və qlobal bazarlarla birləşdirən Orta Dəhliz üzərində yerləşməsi ilə bu sahədə mühüm imkanlara malik olduğunu vurğulayıb.

İdarə Heyətinin sədri Filizçay polimetal yatağını nümunə göstərərək, yatağın zəngin sink, qurğuşun və mis resurslarına malik olduğunu və belə layihələrin Azərbaycanın regional təchizat zəncirlərində rolunu gücləndirə biləcəyini qeyd edib.

Zakir İbrahimov, həmçinin Ələt Kritik Minerallar Mərkəzinin inkişafı istiqamətində aparılan işlərə toxunaraq, təşəbbüsün Azərbaycanın mineral resurslarını və emal imkanlarını Mərkəzi Asiya resursları ilə birləşdirərək Avropa və digər qlobal bazarlara çıxış imkanlarını genişləndirə biləcəyini bildirib.

Beynəlxalq tərəfdaşlığın əhəmiyyətinə diqqət çəkən Zakir İbrahimov “AzerGold” QSC ilə Birləşmiş Ərəb Əmirliklərinin “International Resources Holding” şirkəti arasında Naxçıvanda həyata keçirilən əməkdaşlığı nümunə göstərib. O bildirib ki, əməkdaşlıq çərçivəsində kritik metalların da daxil olduğu mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Panel sessiyası sual-cavab formatında davam edib. Müzakirələr zamanı kritik xammalın iqtisadi təhlükəsizlik baxımından əhəmiyyəti, dayanıqlı təchizat zəncirlərinin formalaşdırılması, mineral resursların məsuliyyətli mənimsənilməsi, emal imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.