Cəmiyyətin Maliyyə şöbəsinin Mühasibatlıq sektorunun Baş mütəxəssisi Azər Babazadə vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirərək, səmərəli fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. İşinə daim məsuliyyətlə yanaşan həmkarımız zəngin bilik və bacarıqlarını ortaya qoyaraq, Cəmiyyətin maliyyə-mühasibatlıq məsələlərinin uğurlu həllinə dəstəyini göstərmişdir. Həmkarımız şirkətdə inventarizasiyanın keçirilməsində yaxından iştirak etmiş, inventarizasiya materiallarının dolğun və qanunda tələb olunan şəkildə rəsmiləşdirilməsini təmin etmişdir. Sözügedən proseslə yanaşı, Cəmiyyət üzrə əməkhaqqının hesablanaraq təyin olunan vaxtda verilməsini, dövlət orqanlarına aylıq və illik statistik hesabatların tələb olunan tarixlərdə düzgün şəkildə tərtib edilərək göndərilməsini həyata keçirmişdir.

Xüsusi peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan Azər Babazadə mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.

Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.